Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktivdir

0

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biridilər. Onlar cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.

Azərbaycan gənclərinin inkişaf etmiş aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin böyük rolu olub. Əslində bu siyasətin banisi ümummilli lider Heydər Əliyevdir. Onun gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

Heydər Əliyev daima gənc nəslə böyük ümidlər bəsləyirdi və qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Son illər Azərbaycanın da dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir. Ölkə əhalisinin 25,5 faizini təşkil edən gənclərin problemləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir, milli siyasətin prioritet məsələlərindən birinə çevrilib.

2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, gənclər ölkənin ictimai-siyasi həyatında aktiv olmalıdırlar, ölkə başçısı bildirib ki, savadlı, vətənə bağlı, müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır.

Azərbaycanın ictimai-siyasi həyatında gənclərin aktivliyi hiss olunacaq dərəcədədir. Azərbaycanda fəal şəkildə gənclər siyasəti yürüdülür. Gənclər istər ölkə başçısının, istərsə də Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindədir.

Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında gənclərin könüllü fəaliyyətinin aktiv şahidi olduq. Ölkənin ümumi qlobal dəyişikliklərində, islahatlarında gənclərin rolu danılmazdır. Ölkə başçısının yürütdüyü siyasət nəticəsində xaricdə təhsil alan gənclər, indiyə kimi aktiv, ictimai siyasi həyatda özünü müsbət tərəfdən göstərən gənclər hal hazırda müxtəlif rəhbər vəzifələrə təyin olunublar. Ölkədə bir gəncləşmə siyasəti yürüdülür.

Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktivliyi ilə seçilir və ictimai, siyasi, sosial, iqtisadi və sair tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu zümrə əsas qüvvəyə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, intellektual potensiallarını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir. Bu gün dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclərimiz ictimai və siyasi baxımdan olduqca fəaldır. Bu, istər dövlət, istər özəl, istərsə də QHT sektorunda özünü aydın göstərir. Gənclərimiz prezident, parlament və bələdiyyə seçkilərində ən aktiv təbəqə hesab olunur. Hazırda gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və milli dövlətçiliyimizin inkişafına öz töhfələrini verirlər.

Kənan Ağadada
Bakı Slavyan Universiteti Humanitar və sosial elmlər fakültəsinin tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »