Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il mart ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin mart ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin mart ayına nisbətən 14.5% artım müşahidə edilib (cədvəl 1). Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin yanvar ayına nisbətən 18.3% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 14.8% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 4.7%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 15.7% artım izlənilib.
Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.