Aprelin 7-si Azərbaycanla İsrail arasında hökumətlər səviyyəsində diplomatik əlaqələrin qurulduğu gündür. İsrail dövləti qurulduğu gündən bu günümüzə qədər bütün türkdilli xalqlara dost və qardaş münasibəti göstərib. Yəhudi xalqı ilə Türk xalqlarının minillərə söykənən tarixi dostluğu vardır. Və təsadüfi deyil ki‚ 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ilin fevralında Azərbaycanın müstəqilliyinin BMT TŞ-da müzakirəyə çıxarıldığı zaman BMT TŞ-nın sədri İsrail idi və məhz İsrailin və Yəhudi lobbisinin dəstəyi nəticəsində BMT TŞ-da Azərbaycanın müstəqilliyi müzakirəyə çıxarılır. BMT-də Müstəqilliyimizin tanınmasına ilk səs verən ölkə də məhz İsrail olub. İsraildən sonra isə Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ daha sonra isə İngiltərə‚ Fransa və Çin-in ardından Rusiya Azərbaycanın lehinə səs vermişdir və beləliklə Azərbaycan suveren və müstəqil ölkə olaraq tanınaraq BMT-yə daxil olmuşdur. Həmin vaxtdan İsraillə Azərbaycanın diplomatik münasibətləri sürətlə inkişaf etməyə başladı. 1992-ci ilin aprelin 7-də isə hökumətlərarası Diplomatik əlaqələr quruldu. 1993-cü ilin avqustunda isə İsrailin Azərbaycanda səfiriliyi açılıb.
Bunu Ictimairey.az-a İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycandakı Regional
Nümayəndəliyinin direktoru Dr. Mirsamir Məmmədov deyib.
Bu 30 il vaxt ərzində İsraillə Azərbaycanın diplomatik münasibətləri dostluq‚ qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldi. Əlbəttə ki‚ bu münasibətlərin dərinləşməsində Azərbaycandakı yəhudi icmalarının‚ Azərbaycandan İsrailə köçən Yəhudilərin böyük rolu olmuşdur. Azərbaycandan İsrailə köçən yəhudilər öz vətənləri Azərbaycanla İsrail dövləti arasında yaxşı münasibətlərin qurulması üçün əllərindən gələni ediblər. Birinci və ikinci Qarabağ müharibəsində də yəhudilər Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə könüllü iştirak ediblər. Onlardan Milli Qəhrəman Albert Aqarunov və bir neçəsi şəhid olmuşdur:
“Birinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana əlindən gələn dəstəyi göstərmişdir. Həmçinin 2016-cı ilin Aprel döyüşləri zamanı da‚ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da İsrail dövlətinin‚ yəhudi lobbisinin və dünya yəhudilərinin Azərbaycana misilsiz dəstəyi oldu. Bu gün İsrail dövləti Azərbaycanın ən etibarlı hərbi və strateji müttəfiqidir. Azərbaycanın müdafiə sahəsindəki tələbatının çox hissəsini İsrail təmin edir. Bu gün İsrail Azərbaycanın əsas silah və hərbi texnika təminatçısıdır. Münasibətlər təkcə hərbi sahədə deyil‚ təhlükəsizlik‚ iqtisadi‚ tibbi və mədəni sahələrdə də İsraillə çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. İsraillə diplomatik münasibətlər və müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında hələ min illərə söykənən dərin dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur”.
O, qeyd edib ki, yəhudilərin Qafqazda və Azərbaycanda yaşadığı 2600-2700 illik qədim bir dövr ərzində Azərbaycan xalqı ilə dostluq və qardaşlıq ənənəsi mövcud olmuşdur. Yəhudilər bu günümüzə qədər hər zaman bütün tarix boyu Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində Azərbaycançılığı təbliğ ediblər. Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar. Bu gün İsrail dövləti və dünya yəhudiləri Azərbaycanın ən etibarlı dostu və müttəfiqidir. Beynəlxalq Yəhudi təşkilatları da öz çıxışlarında və bəyənatlarında bunu dəfələrlə bəyan edərək daim Azərbaycan dövlətinə və xalqına xeyir-dua arzu ediblər.