“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir”.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
“Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmilərinin söylədiyi hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil. İran rejiminin bu mövqeyi bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Görəsən, İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur”, – deputat deyib.
Komitə sədri İranın Bakıdakı səfirliyinin bağlanılması ilə bağlı təklif irəli sürüb:
“İran 30 il ərzində Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı. Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə “arzuolunmaz şəxs” elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır.
Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə əmmaməsi üçündür”.