Ölkəmizdəki İran səfirliyinin dörd diplomatının “persona-non-qrata” elan edilməsi və onlara Azərbaycandan çıxmaq üçün 48 saat vaxt verilməsi baş verən proseslərin çox önəmli mərhələsidir.
Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
“Fikrimcə, son həftələrdə keçirilən əməliyyatlar nəticəsində İrana casusluqda şübhəli bilinən və həbs edilən şəxslərlə bağlı aparılan istintaq fəaliyyətinin artıq ilkin nəticələri var. Bu diplomatların da “persona-non-qrata” elan edilməsinin sözügedən nəticələrlə bağlı olduğunu düşünmək daha ağlabatandır. Hər halda qarşıdakı günlərdə biz Azərbaycan dövlətinin verdiyi qərarın səbəb və nəticələrini daha konkret şəkildə görəcəyik”, – o bildirib.
Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb. Səfirliyin dörd diplomatın Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına zidd fəaliyyətinə görə “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi onun diqqətinə çatdırılıb. Diplomatlara ölkəmizi tərk etmələri üçün 48 saat vaxt verilib.