Region Liqasında çıxış edən və heyətində müharibə iştirakçılarının da yer aldığı “Difai” klubu “Qarabağ” komandası ilə görüşüb.
“Report”un məlumatına görə, görüşdə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov, “Difai”nin prezidenti Asəf Məlikov, Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov və futbolçular iştirak ediblər.
Qurban Qurbanov Region Liqa təmsilçisinin maraqlı layihə olduğunu söyləyib və bu görüşün onlar üçün xoş keçdiyini vurğulayıb.
Asəf Məlikov “Qarabağ” klubu ilə fəxr etdiklərini deyib: “Bizim ilk növbədə arzumuz I Diviziona, daha sonra isə Premyer Liqaya vəsiqə qazanmaqdır. Biz tarixi yaşadaraq tarix yazan komandayıq. Devizimiz də belədir. Şükürlər olsun ki, gənclərimiz torpaqlarımızı işğaldan azad ediblər. Artıq idman arenasında da sözümüzü demək istəyirik. Necə ki, “Qarabağ” bunu illərdir bütün dünyaya göstərir”.
Daha sonra “Difai” klubu qarşı tərəfə 44 nömrəli formasını və şərfini hədiyyə edib.