Bu gün bəşəriyyətin elə bir dövründə yaşayırıq ki, tələbələrin universitet təhsili müddətində əldə etdiyi nəzəri biliklər onların karyerasında sadəcə əsas pillə rolu oynayır. Düzdür, hansı ölkə olur, olsun, orada cəmiyyətin inkişafının bütün mərhələsində təhsil birinci sırada gəlir. Lakin uğurlu karyera həyatına malik olmaq istəyən gənclər universitet təhsili ilə kifayətlənmirlər. Çünki univerisitet təhsili və yüksək akademik göstəriciləri olan xeyli gənc rəqabətli iş dünyasında bir çox uğursuzluqlarla qarşılaşır və ixtisası sahəsində iş tapmaqda çətinlik çəkir. Bunun da təməl səbəbi təcrübə yetərsizliyidir.
Təcrübə mənbəyi olan tələbə fəaliyyətləri təhsilin bütün pillələrində, xüsusən də universitetdə böyük maraq doğurur və tələbələrin təhsil alması, onların qabiliyyət və şəxsiyyətlərinin inkişaf etdirilməsi, elmi, praktiki və sosial səriştəsinin artırılmasında, məzun olduqdan sonra cəmiyyətin inkişafı hərəkatına töhfə vermək üçün böyük rol oynayır. Həmçinin tələbənin iştirak etdiyi hər hansı fəaliyyət və ya təcrübə – universitet daxilində və ya xaricdə elmi, əxlaqi və ya sosial faydalar əldə etməsinə yol açır.
Yuxarıda qeyd etdiyim, akademik biliklərlə kifayətlənməyən həmin tələbələr, təhsil aldığı müddətdə müxtəlif ictimai təşkilatlarda, yerli və beynəlxalq tədbirlərdə, gənclərlə praktiki bacarıqlara yiyələnməsində mühüm rol oynayan qurumlarda fəal iştirak edirlər. Onlar ictimai fəalliyətlərini artırmaqla bərabər dünyagörüşü və liderlik, analitik düşüncə qabiliyyətini və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirirlər. Şübhəsiz ki, şəxsi inkişafına yönələn bir tələbə digərlərindən daha öndə olacaqdır.
Mən, Beynəlxalq münasibətlər ixtisasının 3-cü kurs tələbəsi olaraq, qeyd etmək istəyirəm ki, tələbəlik həyatı ancaq universitetə gedib-gəlməklə davam etməməlidir, gənclər mütləq ictimai işlərdə fəallıq göstərməlidirlər. Mən real olaraq sırf academic həyat ilə məşğul olan və ictimai aktiv tələbələrin xarakter və həyat keyfiyyətindəki fərqi görərək gələcəyim üçün sosial aktivlik istiqamətində qərar verməyimin mənim üçün faydalı olacağına bir daha əmin oldum.
İlk olaraq funksional və yumşaq bacarıqlarımı inkişaf etdirmək üçün fəal tələbə olmaq istəyirdim. Lakin bu proses nəinki mənə sosial bacarıqlar qazandırdı, eyni zamanda özgüvənimi artırmağa, sosiallaşmağıma, yeni insanlarla tanış olmağa, münasibətləri gücləndirəməyə və müxtəlif bacarıqlarımı inkişaf etdirməyimə imkan yaratdı. Əmin oldum ki, şəxsiyyətin formalaşmasında ictimai işlərdə iştiral etməyin rolu mühümdür.
Son illərdə Azərbaycanda gənclərin uğurlu təhsil almaları üçün yaradılan şərait, tələbələrin xaricdə təhsillərini davam etdirmələri, eləcə də ictimai-siyasi işlərdə aktiv fəaliyyət göstərmələri üçün çoxsaylı imkanların yaranması, həqiqətən də ürəkaçandır. Əsasən də tələbələrin ictimai işlərdə aktiv olmaları üçün gənclər və tələbə təşkilatlarının sayının artması və fəaliyyətlərinin güclənməsi bu işdə öz sözünü deyir. Odur ki, tələbə-gənclərimiz də yaradılan bu imkanlardan maksimum yararlanmağa çalışmadırlar. Bundan başqa, öz təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, 16-19 yaş, ələlxüsus tələbəlik illəri elə dövrdür ki, komfort zonasından çıxan gənc özünü tapmağa çalışır. Ümumiyyətlə, diqqət yetirmisinizsə, bu yaşda gənclər ya eyni anda bir neçə peşənin sahibi olmaq istəyirlər, yaxud tez-tez maraq dairələri dəyişir.
Bu səbəbdən, mənim fikrimcə, həmin yaşdakı gənclərin, tələbələrin fərqli sahələrdə özlərini sınamaları və fəalliyət göstərmələri labüd məsələdir. Çünki onlar bu təcrübələrin sonunda hansı sahədə uğurlu olacaqlarını, onlara maraqlı gələn işləri karyerasında hansı istiqamətdə addımlamalı olacaqlarını aydınlaşdıra biləcəklər.
Jasmin Abdulkərimova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi-idarəetmə fakültəsi, Beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs tələbəsi
Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb