“Azərbaycan qlobal karbohidrogen bazarının aparıcı iştirakçılarından biri kimi həm Tacikistanda, həm də bütün Mərkəzi Asiyada su və enerji sektorlarının inkişafında mühüm rol oynaya bilər”.
Bunu “Report”a açıqlamasında tacikistanlı politoloq, “İpək Yolu – Konsolidasiya Yolu” Milli Fondunun sədri Abduqani Mamadazimov deyib.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın qonşu Mərkəzi Asiyada, o cümlədən Tacikistanda fəallaşmasının vaxtı yetişib: “Ölkələrimiz arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq üçün xeyli sahələr var”.
A.Mamadazimov qeyd edib ki, karbohidrogenlərdən təmiz “yaşıl enerji”yə keçid dövründə Azərbaycanın Tacikistanda su elektrik stansiyalarının tikintisinə yatırdığı investisiyalar hər iki tərəfin maraqlarına cavab verir.
Politoloq gələcəkdə Tacikistanın elektrik enerjisinin Azərbaycan vasitəsilə avropalı alıcılara çatdırılacağına ümid etdiyini vurğulayıb: “Avrasiyanın əlverişli kəsişmə nöqtəsində yerləşən Azərbaycan perspektivli “Düşənbə-Şimali Pamir-Kaşqar” dəmir yolu marşrutunun texniki-iqtisadi əsaslandırmasının işlənib hazırlanmasında və onun tikintisində də fəal iştirak edə bilər. Bu da Azərbaycanı birdəfəlik transkontinental Avrasiya mərkəzinə çevirəcək”.
Onun sözlərinə görə, Azərbaycanın Tacikistanın neft emalı sektoruna daxil olması da hər iki ölkənin maraqlarına cavab verir.
Ekspert ölkələr arasında humanitar əməkdaşlıq mövzusuna da toxunub: “Perspektivli Tacikistan-Azərbaycan əlaqələrinin dərinləşməsinin əsasını bizim ümumi “yumşaq gücümüz” – böyük poeziya və yüksək ədəbiyyata həvəs, həmçinin keçmiş dahi mütəfəkkirlərimizin yaradıcılıq tarixinin birgə öyrənilməsi təşkil edir. Böyük İpək yolunun irsi və onun tədqiqi həm də qardaş ölkələrimizin alimləri arasında əməkdaşlıq üçün perspektivli sahədir”.
Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb. Səfər çərçivəsində dövlətlər arasında 14 sənəd imzalanıb.