2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Məhz bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Ulu Öndər Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə nəzər görərik ki, xalqına sədaqət və doğma torpağına məhəbbət Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil ettmişdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Təsadüfü deyildir ki, Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Ulu Öndərin adı ilə bağlıdır.
Xüsusilə ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ölkə təhlükəsizliyinin əsas qarantı olan ordumuzun yenidən qurulmasında mühüm mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günlərindən etibarən erməni təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün güclü ordu yaratmaq və ölkənin etibarlı müdafiəsinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməyə başladı. İlk vaxtlarda ordu quruculuğu ilə bağlı cəmiyyətimizdə son dərəcə bədbin bir əhval-ruhiyyə var idi. Məhz Heydər Əliyev belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürərək qısa vaxt ərzində Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək məqsədilə real qüvvələri formalaşdıra bildi.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının qısa vaxt ərzində reallaşdırılmasının ən böyük səbəblərindən biri Heydər Əliyev tərəfindən xalqın bu prosesə cəlb edilməsi olmuşdu. Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordu yaratdı. Ermənistanla 1994-cü ildə imzalanmış atəşkəs ordu quruculuğunun sürətlənməsi üçün yeni imkanlar yaratmış oldu. Atəşkəs dövründə ordunun yenidən formalaşdırılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü. Heydər Əliyev ordu quruculuğundan danışarkən dəfələrlə qeyd etmişdi ki, “Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin rəmzidir və ona görə də bu proses davamlı olmalıdır”.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə ətdiyi zəfər bir daha Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin doğruluğunu bir daha sübuta yetirmiş oldu. Ermənistan ordusunun 30 ilə yaxın müddət ərzində möhkəmləndirdiyi və keçilməz adlandırdığı müdafiə xəttini yararaq onun canlı qüvvəsini və silahlı texnikasını məhv etməklə, erməni əsgərini ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan əsgəri bütün dünyaya ordumuzun gücünü nümayiş etdirmiş oldu. Döyüş meydanında əldə etdiyimiz qələbə və müasir silahlardan, döyüş taktikasından istifadə hazırda bütün dünyada hərbi doktrinaların dəyişdirilməsinə səbəb oldu.
Postmüharibə dövründə də Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində işlər davamlı şəkildə aparılmaqdadır. Ordumuzun gücləndirilməsi və təchizatı dövlət siyasətimizin əsasını təşkil edir. Hazırda ordumuzun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Sərhədlərimizin möhkəmləndirilməsi məqsədilə yüksək döyüş qabiliyyətinə malik yeni komando birlikləri yaradılır, həmçinin ordumuz ən müasir silah və döyüş texnikası ilə təmin olunmaqdadır. Ali Baş Komandanın rəhbərliyi altında bu gün Azərbaycan ordusu daha güclüdür və rəşadətli ordumuz hər zaman ərazi bütövlüyümüzün müdafiəsinə hazırdır.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri