Erkən nikah: Qanun nə deyir?

0

Bizim toxunacağımız problem erkən nikahdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.

Nikahda iki tərəf – kişi və qadın iştirak etsə də, “erkən nikah” dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Əvvəllər erkən nikahların respublikanın cənub rayonları üçün spesifik olduğu düşünülsə də, indi onun sərhədləri şimal rayonlarına qədər xeyli genişlənib. Hələlik qərb rayonları bu tendensiyadan özünü müəyyən qədər qoruya bilir. Təsirli tədbirlər olmayacağı təqdirdə yetkinlik yaşına çatmadan ailə qurmaların bu ərazidə də vüsət alacağı şəksizdir.

Köhnə ənənələrin dirçəlməsi də erkən nikahlara “oksigen balışı” kimi təsir edib. Gerilikçi düşüncədə olan bir çoxları hesab edir ki, qızlar “ayılmadan” ərə getməlidir, onların formalaşması ərin sərt nəzarəti altında baş verməlidir. Sanki valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Guya ki, yetkin qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər.
Erkən nikahlara meyllərin belə artdığı vaxtda “madam ki, xalqın bu qədər istəyi var, ona qarşı çıxmağa dəyərmi?” sualı ola bilsin, aktuallıq qazanıb. Ona görə də “nə üçün erkən nikahlara qarşı çıxılır” sualını aydınlaşdırmalıyıq. Lap sadə, ancaq ciddi səbəblərdən birincisi odur ki, erkən nikah fizioloji olaraq qadınların istismar edilməsi, onun tükəndirilməsidir. Həmin yaş həddində orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Istisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Ən nəhayət, 13-16 yaşda olan qızların haqqı var ki, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə ailənin nə olması haqda heç olmasa, nəzəri biliklərə yiyələnsinlər.

Erkən nikah qızların ali təhsil almasında da mənfi rol oynayır. Lakin, kiminsə ali təhsil almaq üçün biliyi və həvəsi yoxdursa, bu qətiyyən “daha nə gözləyirsən, çıx ərə get” əmrinə tabe olmasına səbəb ola bilməz. Ona görə bəzən tək təhsil məsələsini əsas tutub, erkən nikahın üzərinə gedənlərin əks cəbhə tərəfindən tərk-silah edilməsi asan olur.

Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz. Lakin o, qətiyyən qarşısında əl-qolu sallaq vəziyyətdə durduğumuz problemlərdən deyil. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə “əlvida” demək mümkündür.

Hüquqşünas Şamil Paşayevin fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir.

Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.

Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir.

Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

O, qeyd edibki, qadın nikaha daxil olmağa məcbur edildiyi anda cinayət bitmiş sayılır. Qadının rəsmi və ya faktiki olaraq nikaha daxil olub-olmamasının əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Nəzər alınmalıdır ki, bu cinayət ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğundan şəxsin özünün şikayəti əsasında və ya qanunvericilikdə qeyd olunan hallar yaranarsa, prokuror tərəfindən başlana bilər. Şikayətin hər hansı kənar şəxs tərəfindən yazılması cinayət işinin başlanmasına səbəb ola bilməz. Çünki nikaha daxil olmaq, nikahda qalmaq və ya qalmamaq şəxsin ayrılmaz hüququdur. Başqa şəxslər bu pozuntunu müşahidə etdikdə, şəxsin şikayət etmə imkanı olmadıqda cinayət işinin başlanması üçün müvafiq prokurora müraciət edə bilərlər.

Cavid

Yazı “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində hazırlanıb

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »