Dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin daha da dərinləşdirilməsinə xidmət edir.
Ölkəmizin dünyada güclənən nüfuzu birmənalı olaraq siyasi mühitdə yeni təşəbbüs və islahatların reallaşmasını tələb edirdi. Bunun üçün isə, ilk növbədə, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsinə ehtiyac var idi. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var və bunun üçün ölkədə tam şəffaf mühit formalaşdırılıb.
Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin daha da dərinləşdirilməsinə xidmət edir. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir.
Şöbənin rəhbəri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır.
Bu gün Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir. Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq çox mühüm bir prosesdir.
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ölkədə yeni siyasi dialoq mühitinin formalaşmasına yeni bir təkan verdi. Bu, həm də açıq və demokratik rəqabətə çağırış kimi qiymətləndirilməlidir. “Siyasi partiyalar haqqında” yeni qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclər balansına xidmət edir.
Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıq, eləcə də regionda formalaşan yeni vəziyyət və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.
Əlbəttə ki, dialoqdan imtina milli maraqlardan imtinadır. Ona görə də indiki şəraitdə milli maraqları və həmrəyliyi gözardı edən radikal qruplaşmalar dialoqdan imtina etməklə, əslində, Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina edirlər. Bu gün ölkəmizdə dialoq prosesi keyfiyyətcə yeni və fərqli müstəvidə inkişaf edir. O cümlədən ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması baxımından çox əhəmiyyətlidir. Dialoq mühiti və əhval-ruhiyyəsi indiki tarixi mərhələdə milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar isə siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri