“Prezidentin kadr islahatlarını, struktur islahatlarını dəstəkləyəcəyik”

0

Azərbaycan Prezidenti İlham Əliyevin martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında səsləndirdiyi fikirlər ölkəmiz üçün əhəmiyyət kəsb edən və cəmiyyətimizi düşündürən bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından olduqca aktualdır. İlk növbədə isə yerlərdə yeni idarəetmə üsulunun tətbiq edilməsi perspektivləri ilə bağlı səsləndirilən fikirlər hər kəsin diqqət mərkəzindədir.

Belə ki, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik institutu özünü artıq müsbət yöndən təsdiqləməkdədir. Görünən budur ki, yeni üsulun tətbiqi idarəetmənin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır və ehtimal var ki, bu yeni idarəetmə modeli gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq ediləcək. Cənab Prezident Laçın rayonuna təyin olunan xüsusi nümayəndəni qəbul edərkən bunun anonsunu verdi.

Hesab edirik ki, yeni modelin tətbiqi təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək. Biz Milli Həmrəylik Partiyası olaraq özünü doğrultmayan icra başçıları sisteminin yeni ərazi idarəetmə strategiyası ilə əvəzlənməsinin tərəfdarıyıq və Prezidentin bu yöndə atacağı addımları, həyata keçirəcəyi kadr islahatlarını, struktur islahatlarını dəstəkləyəcəyik. Çünki vətəndaşların əsas narazılıq ünvanlarından biri də məhz icra başçılarıdır. Odur ki, yerli icra hakimiyyətləri ilə bağlı köklü dəyişikliklərin həyata keçirilməsi labüddür. Bu, dövlət başçımızın başlatdığı yeni islahat mərhələsinin əsas istiqamətlərindən biridir.

İstər yeni ərazi idarəetmə modeli, istərsə də bu modelin bilavasitə tətbiqini həyata keçirmək üçün təyin olunan kadrlar – Prezidentin xüsusi nümayəndələri hər şeydən öncə müasir dövrümüzün tələblərinə, çağırışlarına cavab verməli, şəffaflıq prinsipi əsasında fəaliyyət göstərməli, vətəndaşların problemlərinin həllinə maksimum diqqətlə yanaşmalı, təyin olunduqları rayonların gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, sərmayələrin cəlb olunması ilə bağlı konkret əlavə təkliflər verməlidirlər. Bütün bunlar dövlət başçısı tərəfindən xüsusi nümayəndələr qarşısında qoyulan mühüm strateji vəzifələr sırasına daxildir. Biz inanırıq ki, Prezidentin xüsusi nümayəndələri çevik idarəetmə qabiliyyətləri ilə, insanlarla rahat kommunikasiya qurmaq və işləmək bacarıqları ilə bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Biz Prezidentin fikirlərində həmçinin Böyük Qayıdışın növbəti mərhələlərinin reallığa çevriləcəyi günün uzaqda olmadığı ilə bağlı əminliyi, inamı da açıq şəkildə hiss etdik. Belə ki, Cənab Prezident minlərlə soydaşımızın artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacağının, keçmiş məcburi köçkünlərin bu il öz doğma diyarına qayıdacaqlarının müjdəsini verdi. Ümumən bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın sakin yerləşdiriləcək. O cümlədən birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşdiriləcək.

Qayıdış planının baş tutması üçün Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Ümumiyyətlə, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, şəhərin bütün daxili yolları yenidən qurulur. Həmçinin Zabux və Sus kəndlərinin də tamamilə yenidən qurulması prosesinə start verilib. Habelə, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bir sözlə, görülən işlərin nəticəsində Cənab Prezidentin də qeyd etdiyi kimi Laçın nəinki Azərbaycanın, bütöbvlükdə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Və yurddaşlarımız bundan sonra öz dədə-baba torpaqlarında əbədi yaşayacaqlar. Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək. Dünya birliyi də Qarabağ və Şərqi Zəngəzurun işğal dönəmindəki halı ilə postmüharibə dönəmindəki fərqini əyani surətdə görəcək, ermənilərin işğalçı olduğuna heç kimdə şübhə yeri qalmayacaq.

Dünənki qəbul zamanı İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlardan danışan dövlətimizin başçımızın səsləndirdiyi fikirlərində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları da olduqca önəmlidir. Cənab Prezident birmənalı şəkildə bildirdi ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür: “Bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”. Bu, kifayət qədər qətiyyətli və prinsipial mövqedir. İlham Əliyevin qətiyyətli mövqeyi öz müsbət nəticəsini verəcək.

Prezidentin fikirlərində işğal dövründəki Fransa ilə, 44 günlük müharibədən sonrakı Fransanın Azərbaycana münasibətdə yürütdüyü ikiüzlü, riyakar siyasətinin ifşa olunmasını da müşahidə etdik. İlham Əliyev istər Fransanın, istərsə də Avropa Parlamentinin ölkəmizə qarşı ədalətsiz münasibətinin heç də təsadüfi olmadığını vurğuladı: “Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər”.

Dövlət başçımız bu fikirləri, daha doğrusu bu ittihamları səsləndirməkdə tamamilə haqlıdır. Bu gün Ermənistana havadarlıq edən Fransanın və digər ölkələrin açıq-aşkar “ikili standart”lar siyasəti yürütməsi heç kimə sirr deyil. Böyük dövlətlərin riyakarlığı və beynəlxalq hüquqa qarşı saymazyanalığı artıq o həddə gəlib çatıb ki, onlar bunu hətta gizlətməyə də cəhd göstərmirlər. Lakin bütün bu anti-Azərbaycan qüvvələr artıq bizim gücümüzə və iradəmizə bələddirlər. Onlar istər 44 günlük İkinci Qarabağ müharibəsində, istərsə də müharibədən sonrakı iki il yarım müddətində bizim əyilməz iradəmizi gördü. Azərbaycan öz haqqını həm sahədə, həm də masada qorumağı bacarır. Bəli, doğrudan da heç kim bizim iradəmizə təsir edə bilməz. Biz bunu zamanla bir daha isbat edəcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik
 Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »