Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı sui-qəsd hadisəsini Milli Həmrəylik Partiyası olaraq birmənalı şəkildə pisləyirik. Bu hadisə kim və ya hansı qüvvələr tərəfindən törədilməsindən, motiv və məqsədlərindən asılı olmayaraq bütün əlamətləri ilə açıq-aşkar terror aktıdır.
Ölkəmizdə hökm sürən siyasi sabitliyi və milli həmrəyliyi pozmaq məqsədilə törədilmiş bu mənfur əməlin istər sifarişçiləri, istərsə də icraçıları ciddi şəkildə yanılırlar. Xalqımızı, dövlətimizi, siyasətçilərimizi bu cür xain hücumlarla, qəddar sui-qəsd cəhdləri ilə qorxutmaq, öz prinsiplərindən və siyasi kursundan döndərmək mümkün deyil.
Əksinə, bu namərd hücumdan sonra xalqla dövlətin birliyi daha da güclənəcək, milli birlik şüuru daha geniş ölçüdə yayğınlaşacaq. Dövlətimizə təzyiq göstərmək, milli iradəmizi sındırmaq istəyənlərin arzuları ürəklərində qalacaq.
Biz əminik ki, hüquq-mühafizə orqanlarımız yüksək peşəkarlıq və əzmlə operativ əməliyyat-axtarış tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılaraq qanunun bütün şiddəti ilə haqq etdikləri cəzanı alacaq.
Ölkəmizin ictimai-siyasi mühitində qorxu, xof abu-havası yaratmaq istəyən qüvvələr bilsinlər ki, biz hamımız dövlətimizin yanındayıq. Birlik, həmrəylik ruhumuzu axıra qədər qoruyub saxlayacaq və dövlətimizin müdafiəsində qətiyyətlə dayanacayıq.
Bu cür iyrənc terror hadisəsini törədənlər, erməni-fars “mətbəxi”ndə cürbəcür təxribat planları hazırlayanlar qalib liderin, qalib dövlətin, qalib xalqın əzmkarlığı, dəyanəti və qorxmazlığı qarşısında hələ çox məğlubiyyətə uğrayacaqlar. Millət vəkilimizə atəş açanların əlləri tezliklə qırılacaq!
Fazil Mustafaya Allahdan şəfalar diləyirik. Keçmiş olsun!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri