Talış kəndində yerləşən tam orta məktəbdə uzun illərdən sonra ilk zəng çalınıb. Məktəbdə ilk dərs gününün açılışı baş tutub.
Modern.az-ın məlumatına görə, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib.
“Bununla yanaşı həmçinin Talış kəndində yeni bərpa olunan uşaq bağçasında da tədris başlayıb. Ümumilikdə 78 şagird yerlik tam orta məktəbdə hazırda müxtəlif yaş qrupundan 24 şagird təhsilə cəlb olunub və 15 nəfərlik müəllim heyəti ilə tədris prosesini icra edirik”, – deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.