Ekən nikah – dövrümüzün mühüm və aktual problemlərindən biri

0

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.

Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.

Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar.

Hər bir valideyn övladın savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutmasını arzulayır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Elə valideynlər də var ki, qız övladlarının təhsil almasında maraqlı deyillər və onları ərə verməklə bu məsuliyyətdən qaçırlar. Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə işləri davam etdirilməli, həm qızların həm də valideynlərin erkən nikaha münasibətinin dəyişməsinə nail olunmalıdır. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən,18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Məsələyə bir neçə aspektdən yanaşaraq, erkən nikahın səbəbləri, fəsadları və onun qarşısının alınması yollarına toxunacağıq: “Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələr, xüsusilə müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpmaqdadır. Təbii ki, burada din faktorunun da mühüm rol oynadığını nəzərdən qaçırmaq olmaz. Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır. Onu da qeyd edək ki, bu gün bölgələrdə ölkə əhalisinin müəyyən qismi ailə qurarkən müxtəlif səbəblər ucbatından dini kəbinə üz tutur və bu da bir sıra hallarda erkən nikahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və bütün məsələlərin həlli qanunvericilikdə öz əksini tapmışdır. Nəzərdən qaçırmayaq ki, ölkəmiz İslam dini dəyərlərinə hörmətlə yanaşır. Həmçinin milli adətləri yaşadan bir millətik, buna görə dini dəyərləri üstün tutan şəxs bir qayda olaraq, həm dini, həm də hüquqi kəbin kəsdirir. Dövlətin nikahı olmadan isə dini kəbinin kəsilməsi yolverilməzdir. Bunun qarşısının alınması, fəsadları barəsində maarifləndirmə işlərinin aparılması istiqamətində işlər daha da gücləndirilməlidir. Burada daha bir məsuliyyət isə valideynlərin üzərinə düşür. Elə valideynlər var ki, qız övladlarını məktəbdən, təhsildən uzaqlaşdıraraq erkən nikaha cəlb edirlər. Belə qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından da məhrum edilirlər. Bunun fəsadları isə illər sonra özünü büruzə verir. Cəmiyyətə inteqrasiya edilməkdən məhrum olunan qız uşaqları bəzən intihara əl atır, ağır psixoloji sarsıntı keçirirlər. Valideynlərin bu addımı atmasına səbəb bəzən maddi durumun aşağı olması, bir sıra hallarda isə qız uşaqlarına “ağır yük” kimi baxması olur. Bunun dərin psixoloji, sosioloji səbəbləri mövcuddur. Bizim üzərimizə düşən bu sahədə qanunun aliliyini təmin etməkdir:

“Qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçınılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədər şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar. Erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqəti çəkib qeyd etmək istəyirəm ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır. Gənclər üçün erkən nikahın fəsadlarını vizual şəkildə çatdıra bilən sənədli filmlər hazırlanmalı, sosialyönümlü reklam çarxları çəkilməlidir. Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik”.

Cavid
Yazı “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »