Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Avstriya seçməsinin kapitanı Marsel Sabitzer fərqlənib. Bundan bir dəqiqə sonra Mixael Qreqoritş fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 64-cü dəqiqədə Emin Mahmudov fərqi azaltsa da, beş dəqiqə sonra Kristof Baumqartner 4-cü qolu Azərbaycan yığmasının qapısından keçirib.
F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.