“ABŞ rəhbərliyi İranın təhdidlərinə qarşı Azərbaycanı qorumağın vacibliyini dərk edir”

0

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpurun Ermənistan və Azərbaycan sərhədlərinə səfər etməsi adi hadisə deyil. SEPAH generalının sərhəddəki hərbçilərin döyüş hazırlığının səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlaması absurdluğu ilə diqqəti cəlb edir.

Maraqlıdır, iranlı sərhədçilər kimə qarşı döyüşə hazırlaşırlar? Sərhədçilərin işi döyüşmək yox, sərhədi qorumaq olmalıdır. Azərbaycan tərəfindən İrana qarşı heç bir təhdid olmadığı halda SEPAH-ın komandanı sərhəddəki iranlı hərbçilərin döyüş hazırlığının səviyyəsini nə məqsədlə yoxlayır? Deməli, məsələ heç də Azərbaycanın İranın təhlükəsizliyinə qarşı hər hansı bir təhdid törətməsində deyil. Əksinə, burada söhbət İranın özünün birbaşa təhdid mənbəyi olmasından getməlidir. Çünki son zamanlar Azərbaycana qarşı davamlı təxribatlar törədən əsas ölkə məhz cənub qonşumuzdur.

Tehrandakı səfirliyimizə silahlı hücum da, sərhədyanı ərazilərimizin üzərində İranın qırıcı təyyarələrinin təxribat məqsədilə uçuş həyata keçirməsi faktı da bu fikrimizi təsdiqləyir. Odur ki, artıq İrana dinc qonşu kimi yox, potensial təhlükə, təhdid mənbəyi kimi baxmalıyıq. Bu mənada ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı ABŞ dövlət katibi Entoni Blinkenin ermənipərəst senator Bob Menendesin təxribatçı suallarını cavablandırarkən Azərbaycanın İranla uzun sərhədinin mövcud olduğunu və onu qorumağın lazım gəldiyini dilə gətirməsi tam da yerinə düşür. Bu onu göstərir ki, ABŞ rəhbərliyi İranın təhdidlərinə qarşı Azərbaycanı qorumağın vacibliyini dərk edir.

Görünən budur ki, Azərbaycan-İran münasibətlərinin permanent gərginləşməsi Ağ Ev administrasiyasını gerçəkdən də narahat edir. İranın istər bölgədə, istərsə də beynəlxalq münasibətlərdə aqressiv davranış sərgiləməsi Azərbaycanın Qərb üçün əhəmiyyətini daha da artırır. Davakar fars-molla rejiminin cilovlanması prosesində Azərbaycan önəmli rol oynaya bilər. Bu mənada İranın Azərbaycana qarşı get-gedə artmaqda olan təhdidləri fonunda Entoni Blinkenin məlum bəyanatla çıxış etməsi onu deməyə əsas verir ki, kritik məqamlarda ABŞ heç şübhəsiz ki, Azərbaycanın yanında dayanacaq. Getdikcə daha da azğınlaşan molla rejimini birlikdə cilovlamağın zamanı yetişir.

Əisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »