İstehlakçılara 400 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb

0

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400,7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, digər tərəfdən nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb.

Nağdsız ödəmələrin stmullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb ki. bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb.

“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür.

Bu layihəni başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. “ƏDV geri al” layihəsi yeni nəsil NKA-ların tətbiqi ilə paralel şəkildə həyata keçirilir.

2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manata yaxın olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarına baxsaq, dövriyyə 3,1 milyard manata yaxındır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyondan çox istifadəçi qeydə alınıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »