Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.
Berdiməhəmmədov bu təşəbbüslə Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən sammitində çıxış edib.
O, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanla yaxından tanış olduğunu deyib:
“Türkiyə prezidenti təkcə öz xalqının deyil, bütün müsəlman xalqlarının əmin-amanlığını təmin etmək üçün böyük işlər görür. Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edir və bütün müvafiq təklifləri tam dəstəkləyirik. Ərdoğan bu beynəlxalq mükafata layiq liderdir”.
Qeyd edək ki, daha öncə Türkiyə və Macarıstan nümayəndələri də Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə çağırıblar.