“NATO turisti” Paşinyana nə vədlər verdi?

0

Qərb Ermənistana yeni vədlər verərək İrəvana “firəvan gələcək”dən bəhs edir. Lakin belə vədlərin arxasında həddən ziyadə ağır şərtlər var. Rasmussenin də Ermənistana səfəri məhz vədlər və şərtlər simbiozunu mümkün qədər sadələşdirərək Nikol Paşinyanı dilə tutmaq olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda keçirdiyi mətbuat konfransında yenə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışaraq Moskvaya öz aləmində xəbərdarlıq edib.

“Ermənistanın KTMT üzvlyündən çıxıb-çıxmayacağı ilə bağlı suallar yersizdir. Sualın başqa cür qoyuluşu daha məntiqidir: KTMT Ermənistandan çıxacaqmı? Bu, bizi narahat edir. Heç nəyi gizlətmirik, hər şey açıqdır. KTMT-nin baş katibinin müavini kvotasını məmnuniyyətlə qəbul edərik, bir şərtlə ki, bu vəzifəni alandan sonra xalqımıza yanlış messic verməyimiz aşkarlanmaya. Təhlükəsizliyimizin artması üçün daha bir amilə çevrilərsə, qəbul edə bilərik. Əgər bu baş verməyəcəksə, həmin vəzifənin alınmasında heç bir məna görmürük. Azərbaycanın yürütdüyü siyasət və davranışla bağlı müxtəlif vaxtlarda, müxtəlif məsələlərlə bağlı KTMT-yə müraciət etmişik, lakin gərəkli cavab ala bilmədik”, – N.Paşinyan deyib.

Paşinyanın mətbuat konfransında səsləndirdiyi bu “ultimatum”, daha doğrusu, onun cəsarətlənərək İrəvanın KTMT-ni tərk edə biləcəyini vurğulaması Moskvaya xəbərdarlıq sayıla bilər.

Açıqlama isə Fransanın dövlət başçısı Emmanuel Makronun fasiləsiz olaraq Paşinyana ünvanladığı “təhlükəsizlik təminatı” vədləri ilə yanaşı, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin Ermənistana səfərinin məzmunu ilə bağlıdır.

İrəvanda əvvəl N.Paşinyanla görüşən, sonra Ermənsitanın müdafiə naziri Suren Papikyanla bağlı qapılar arxasında müzakirələr aparan, daha sonra ölkədəki mass-medianın baş redaktorlarının suallarını cavablayan Rasmussen Azərbaycanla sərhədə, Gorusa yollanaraq “Xankəndiyə qayıda bilməyən qarabağlı ermənilər”in şikayətlərini dinləyib.

“NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Ermənistanda iki günlük rəsmi səfərdə olub. O, Ermənistanla NATO arasındakı əlaqələrin mövcud vəziyyətini və perspektivlərin müzakirə edib”, – İrəvanın rəsmi açıqlamasında deyilir.

Əslində isə səfərin mərəmı başqa idi.

Kollektiv Qərb bölgəmizdə təsir imkanlarını artırmaq, yaşanan proseslərin məsafəli idərəolunma rıçaqlarına yiyələnmək niyyətindədir. Azərbaycan tam müstəqil xarici siyasət yürüdərək Qərb ölkələri ilə bərabərhüquqlu, üfüqi əlaqələrdə qərarlı olduğundan Bakıya vədlər, şərtlər, bu da alınmayanda pressinq vasitəsilə təsir etmək mümkün deyil.

Ermənistanla bağlı vəziyyət fərqlidir. Son vaxtlar Qərb ölkələrinin və təşkilatlarının həm mövcud, həm də sabiq rəhbərləri ilə funksionerlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin qonşu ölkəyə aramsız səfərləri erməniləri Rusiyanın təsir dairəsindən kənarlaşdırmaq, İranın nüfuz müstəvisindən çıxarmaqdır.

NATO-nun sabiq baş katibi, danimarkalı siyasətçi Anders Foq Rasmussenin də İrəvana səfəri bu qəbildən olan vizitlər sırasındadır. Şimali Atlantika Alyansındakı postunu tərk edəndən sonra bir müddət Ukrayna Prezidentinin müşaviri işləmiş sözügedən siyasətçi hazırda “Rasmussen Global” beynəlxalq siyasi konsaltinq şirkətinin banisi və rəhbəridir.

Rəsmən Rasmussen İrəvana adi təqaüdçü, fərd kimi yollanıb və onun da viziti önəmli deyil.

Lakin NATO-nun sabiq də olsa, qeyri-rəsmi nümayəndəsinin İrəvanda baş nazir və müdafiə naziri ilə görüşərək danışıqlar aparması, sonra Gorusa yollanması təsadüf sayılası məqamlar deyil.

Ermənilər danimarkalı siyasətçi ilə “regional problemləri və təhlükəsizlik məsələləri”ni yox, İrəvanın NATO-nun şərtlərinin az qismini olsa belə, yerinə yetirəcəyi təqdirdə almağa ümid edə biləcəyi dividendləri nəzərdən keçiriblər.

İddialara görə, Nikol Paşinyan danimarkalı Rasmussenlə görüşündə Ermənistanın Qərbdən hərbi-texniki yardımlar alması perspektivlərini müzakirə etməyə çalışıb.

Anders Foq Rasmussen NATO-nun baş katibi olduğu dönəmdə Ermənistanı tərifləyərək İrəvanla “daha sıx və intensiv əlaqələr” qurulmasına tərəfdar olduğunu demişdi: “Ermənistan NATO üçün, NATO da Ermənistan üçün dəyərli tərəfdaşdır. İndi gələcəkdə daha dayanıqlı olacaq tərəfdaşlıq qurmaq imkanlarımız var. Belə imkandan istifadə etməliyik. Çünki həm biz, həm də region belə tərəfdaşlıqdan faydalanmalıdır”.

Paşinyanla Rasmussen arasında konkret olaraq hansı məsələlərin müzakirə edildiyi, vədlər və şərtlər mübadiləsinin sxemi barədə heç bir rəsmi məlumat yoxdur. Tərəflərin hər ikisi, təbii, sükuta üstünlük verirlər.

Fəqət Ermənistanın yerləşdiyi bölgədəki regional geosiyasi proseslərə nəzər salsaq, perspektivləri nəzərdən keçirsək, İrəvanın asılı olduğu qüvvələri və güc mərkəzlərini xatırlasaq, sonda qonşu dövlətin potensial seçim marşrutlarını təxminləməyə çalışsaq, Anders Foq Rasmussenin səfərinin məqsədləri aşkarlanır.

Ermənistan siyasi, hərbi, iqtisadi və s. baxımından Rusiya Federasiyasından əhəmiyyətli dərəcədə asılı olmaqla yanaşı, Moskvanın maraqlarının və xüsusilə də Cənubi Qafaz regionunda Rusiyanın mənafelərinin ziddinə ola biləcək ciddi addımlar atmaq gücündə deyil. Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və KTMT – bu təşkilatlara üzvlük birmənalı olaraq İrəvanı NATO-ya yaxınlaşmaq, yaxud meyllənmək imkanlarından legitim olaraq məhrum edir.

Şimali Atlantika Alynası istiqamətində hər hansı formada əhəmiyyətli sayıla biləcək qərar və ya addımı gerçəkləşdirmək üçün Ermənistan ilkin addım qismində KTMT-ni tərk etməli, sonra da Avrasiya İqtisadi Birliyini və Gömrük İttifaqını tərk etməlidir.

Rasmussen də heç şübhə yoxdur ki, “Azərbaycanla problemlərin çözülməsində müəyyən dəstək” müqabilində Ermənistandan Rusiyaya qarşı kuluar oyunlar və separat mövqe, habelə, Rusiya ilə bağlı olan bütün geosiyasi layihələrdən imtinanı, xüsusilə də Rusiyanın Gümrüdəki 102-ci bazasının çıxarılması şərtlərini səsləndirib.

Rusiya Federasiyası hadisələrin belə inkişaf məcrasını laqeydcəsinə, soyuqqanlıqla seyr edəcəkmi?

Mümkün deyil və Gürcüstanda son illərdə baş verən proseslər Moskvanın NATO ilə genişmiqyaslı geosiyasi qarşıdurmada yeni strateji məğlubiyyətə uğramaq niyyətində olmadığını göstərir.

Ermənilər Rusiya və Qərblə eyni intensivlikdə əlaqələrə malik olmaq istəklərini “çoxistiqamətli, şaxələnmiş, müxtəlif vektorlu xarici siyasət” kimi təqdim edirlər. İrəvan fasiləsiz olaraq bəyan edir ki, yerləşdiyi coğrafi areal, üzləşdiyi çağırışlar və problemlər, sən demə, onu belə siyasətə “məhkum” edir.

NATO-ya gəldikdə isə, bu təşkilat Ermənistanı öz təsir orbitinə cəlb etməkdə maraqlıdır. “Şərq Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Ermənistanla təmaslarda olan Şimali Atlantika Alyansı bu əlaqələri fəallaşdırmaqda maraqlıdır.

Amma Brüssel-İrəvan əlaqələri bəhs etdiyimiz səviyyədən üstün ola bilməz, çünki bölgədə NATO-nun ikinci böyük silahlı qüvvələrinə malik Türkiyə var.

Türkiyənin Cənubi Qafqazdakı geosiyasi mövcudluğu regional sülhün və stabilliyin bərqərar olması istiqamətində ən önəmli nüanslardan biridir.

Azərbaycanla şərti dövlət sərhədini demarkasiya və delimitasiya edilməsi prosesini ən müxtəlif bəhanələrlə maksimum yubatmağa çalışan, rusiyalı sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərindəki terrorçu erməni dəstələrini silahlandıran, bölgədə gərgnliyi artırmağa çalışan Ermənistan NATO üçün yaxın perspektivdə yalnız əlavə yük, problemlər mənbəyi olacaq.

Ermənistanın İranla çox sıx və aktiv əlaqələrinin NATO-nun Tehranla bağlı mövqelərinə necə əks olduğunu da unutmayaq.

İsveç və Finlyandiya kimi inkişaf etmiş ölkələrin NATO-ya üzvlük məsələsi Qərbin bütün istəyinə rəğmən, sürətlənməyibsə, səfil və faktiki olaraq “itirilmiş dövlət” (“Failed State”) olaraq kənar güclərdən tam asılı vəziyyətə düşmüş Ermənistan yenə illüziyalara qapılıb.

Həmin ümidləri qeyri-rəsmi vasitəçilik fikrinə düşmüş Andres Foq Rasmussen versə belə.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »