Hindistanın Bakıdakı Səfirliyi və Beynəlxalq Qadınlar Klubu (IWC) 11 mart 2023-cü il tarixində Xeyriyyə Bazarını təşkil edəcək.
Səfirlikdən verilən məlumata görə, tədbirdən əldə olunan bütün gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə göndəriləcək.
Xeyriyyə Bazarı Badamdarda yerləşən “Hotel Badamdar & Residences” mehmanxanasının (keçmiş “Pullman Hotel”) “Qəbələ” zalında saat 10:00-dan 19:00-dək keçirələcək.
Tədbirdə əl işi məhsulları, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, oymalar, ətirli sabunlar, təbii daşlardan bəzək əşyaları, gümüş zinət əşyaları, toxunma gəlinciklər və başqa məhsulları əldə etmək mümkün olacaq.
Xeyriyyə tədbirinin iştirakçıları həmçinin müxtəlif ölkələrin mətbəxlərinin təamlardan dada, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. İştirakçılar üçün həmçinin lotereya oyunu təşkil olunacaq.
Hindistanın Bakıdakı Səfirliyi və IWC hər kəsi Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün tədbirə qoşulmağa dəvət edir.