“Evdə və cəmiyyətdə qızlara münasibət, qoyulan qadağalar, “olar-olmaz”lar onların təhsilinə də böyük təsir göstərir”.
İctimairey.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 4-cü sinifin sonunda keçirilən imtahanlarda, yəni 10 yaşlı oğlanlarla qızlar arasında fərqə baxanda qızlar oğlanlardan bir qayda olaraq daha yaxşı nəticə göstərir. Ancaq sonrakı mərhələdə, yəni 15 yaşlı oğlanlarla qızların nəticəsinə baxdıqda, bu səfər oğlanlar qızlardan daha çox nəticə göstərir. Sual olunur, bu 5 ildə nə baş verir? Bu fərqin səbəbi nədir? Düşünürəm ki, qız uşaqlarının həm evdə, həm cəmiyyətdə tərbiyəsi, onlara və oğlanlara olan münasibət arasındakı fərq, bu fərqlərdən irəli gələn qadağalar və bu qadağalardan doğan imkanlararası fərq, “olarlar-olmazlar” bu sualın cavabıdır”, – deyə nazir vurğulayıb.