Azərbaycan tərəfinin təşəbbüsü ilə Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüşdən bir neçə gün sonra Ermənistan təxribata əl atıb. Müdafiə Nazirliyinin məlumatına görə, mart ayının 5-də Ermənistandan Azərbaycan ərazilərinə hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşınması barədə məlumat əldə edilib və qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Əlbəttə, şəhidlərimizin qanı bir an belə yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.
Baş verən hadisəyə görə, məsuliyyət ilk növbədə Ermənistanın, daha sonra Rusiya sülhməramlı kontingentinin üzərinə düşür. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları dünən gündəlik yaydığı məlumatlarda baş verən hadisədən bəhs etməyib. Halbuki, separatçıların yaydığı fotolarda sülhməramlıların hadisə yerinə gəldiyi görünür.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. “Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir”, – nazirliyin dünən yaydığı məlumatda vurğulanıb.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi də önəmlidir. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu Laçın yoluna alternativ hesab edilir. Ərazi torpaq yol olduğu üçün əvvəllər elə də çox istifadə olunmayıb. Azərbaycanlı aktivistlərin Laçın yolunda aksiya keçirməsindən sonra Ermənistan tərəfi silah və şəxsi heyətin daşınması üçün alternativ gizli yollara əl atıb. Beləliklə, Ermənistan separatçılara silah daşımaq üçün Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə edib və bu fakt Azərbaycan Ordusunun gözündən yayınmayıb.
Ümumilikdə, Azərbaycan Silahlı Qüvvələri Qarabağda baş verən bütün təxribatların qarşısını alır və bundan sonra da alacaq. 44 günlük Vətən müharibəsində düşmənin başını əzən “Dəmir yumruq” yerindədir. Yaxşı olardı ki, ermənilər bunu unutmasınlar, yoxsa, sonları döyüş meydanında məhv edilən həmyerlilərindən heç nə ilə fərqlənməyəcək.
Son hadisə göstərdi ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki separatçı ünsürlər dərhal tərksilah edilməlidir. Eyni zamanda Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılması da təmin olunmalıdır. Şübhə yox ki, Azərbaycan tərəfi ilk gündən ortaya qoyduğu qətiyyətli addımlarını davam etdirərək, istəyinə nail olacaq.