“AzerGold” Daşkəsəndə növbəti layihəsinin icrasına başlayıb

0

3 mart 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb.

Artıq ikinci ildir ki, təşkil edilən layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə Gəncə şəhər Gənclər Evində görüş keçirilib. “AzerGold” QSC-nin müşaviri İlqar Cəlilov, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, həmçinin regional strukturların nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi kənd arıçılarını bir araya gətirərək mövcud imkanlar və fermerlərin layihədən yararlanması imkanlarını müəyyənləşdirməkdir.

Tədbirdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarımüzakirə edilib, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınıb.

Fermerlərə bildirilib ki, layihə “AzerGold” QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilir və layihənin əsas məqsədi Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.

Bu məqsədlə layihənin icra dövrü ərzində “AzerGold” QSC və KOBİA tərəfindən arıçı fermerlərin nəzəri və praktiki təlimlərə cəlb edilməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları barədə məşğələlərin təşkili, paralel olaraq iştirakçılara dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, sahibkarlıq subyektlərinə səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirilməsi planlaşdırılır. Təlim və seminarları uğurla yekunlaşdıran arıçı fermerlərə sertifikatların, eləcə də fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları, zəruri avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilk dəfə ötən il 31 mart – 28 aprel tarixlərində icra edilib.

Layihə çərçivəsində təşkil edilən təlimlərdə Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 nəfər arıçı fermer iştirak edib. Təlim və praktiki məşğələlərdə iştirak etmiş arıçı fermerlər sertifikatlarla təltif olunub, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib. Bundan başqa, Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağaclarının əkini həyata keçirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »