“Heydər Əliyevin gördüyü misilsiz işlər məhz tarix yaratmaq kimi dəyərləndirilməlidir”

0

Varlıq və əbədiyyət baxımından 100 il bəlkə də çox kiçik bir zaman kəsiyidir. Ancaq qlobal proseslər, mühüm tarixi hadisələr hadisələrin baş verməsi baxımından 100 illik bir dövr tarixin ən önəmli bir mərhələsi kimi iz buraxa bilər. Bu mənada Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə üst-üstə düşən 20-ci yüzillik Azərbaycan xalqının tarixindən və taleyindən qırmızı xətt kimi keçir və böyük liderin taleyi ilə xalqımızın taleyi, ölkəmizin taleyi bir-birilə çulğaşır. Təsadüfi deyil ki, dünyanın və Azərbaycanın taleyini kökündən dəyişən ən mühüm hadisələrin bir çoxu məhz 20-ci yüzillikdə baş verib. Dövlət müstəqilliyimizi iki dəfə bərpa etməyimiz də 20-ci əsrin xronikasında yer alır.

Bu gün Azərbaycanda uşaqdan böyüyə az qala hər kəsin əzbər bildiyi məşhur bir ifadə var: “Müstəqilliyimiz əbədi və dönməzdir”. Böyük bir həqiqəti ö zündə əks etdirən bu məşhur ifadənin müəllifi Ulu Öndər Heydər Əliyevdir. O, bu ifadəni sadəcə sıradan bir söz kimi yox, içdən inanaraq söyləmişdi. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin həqiqətən də əbədi və dönməz olmasını, sarsılmaz olmasını ürəkdən istəyirdi. Çünki o, bir əsrdə iki dəfə dövlət müstəqilliyimizi bərpa etməyin və eyni zamanda bu müstəqilliyi qoruyub saxlamağın nə qədər çətin olduğunu çox yaxşı bilirdi.

Bu baxımdan heç də təsadüfi deyil ki, ikinci dəfə müstəqilliyimizin bərpası və qorunması məhz Ulu Öndər Əliyevin adıyla bağlıdır. Tarix müasir müstəqil Azərbaycanın və yaxud, Üçüncü Respublikanın memarı olmaq missiyasını onun çiyinləri üzərinə qoymuşdu. Keşməkeşli bir dönəmdə – ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan dərin siyasi və iqtisadi böhranı, idarəsizlik xaosunu və vətəndaş müharibəsi təhlükəsini, separatizm təhdidlərini böyük bir əzmkarlıq və qətiyyətlə aradan qaldıran dahi siyasətçi Heydər Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın dövlət müstəqilliyini həqiqətən də daimi, dönməz və əbədi etdi.

Bu mənada biz tarixdə şəxsiyyətin rolunu xüsusilə qeyd etməliyik. Tarixi şəxsiyyətlər seçilmiş insanlar olur. Zaman onları böyük missiyalar üçün, millətin arzu və ideallarını reallaşdırmaq üçün və yaxud, ölkəni daxili və xarici düşmənlərin təhdidlərindən, təxribatlarından qorumaq üçün fövqəladə əhəmiyyətli şəxsiyyətlər kimi yetişdirir. Heydər Əliyev də tarixin xalqımıza, ölkəmizə verdiyi şansları düzgün dəyərləndirən və müdrikcəsinə reallaşdıran böyük tarixi şəxsiyyətdir. Bu cür şəxsiyyətlər öz xalqının, öz ölkəsinin ən yeni tarixini yaradır. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlər məhz tarix yaratmaq kimi dəyərləndirilməlidir.

Həmin dövrdə ölkədə və xüsusən də paytaxt Bakıda hökm sürən xaosu, hərcmərcliyi bu gün də hamımız xatırlayırıq. Azərbaycanı parçalanmaqdan, dövlətçiliyin itirilməsi təhlükəsindən Heydər Əliyevin qətiyyəti, çevik kombinasiyaları və müdrik siyasəti xilas etdi. Ölkədə dərəbəyliyə son qoyuldu, qanunsuz silahlı dəstələr ləğv olundu, dövlətin nüfuzunun bərpası istiqamətində önəmli addımlar atıldı. İlk növbədə ictimai-siyasi sabitlik yaradıldı, milli dövlətçiliyin təməli qoyuldu. Eyni zamanda bərpa-quruculuq işlərinə start verildi və iqtisadi dirçəlişə nail olunması üçün zəruri işlər görüldü, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq layihələrin həyata keçirilməsinin əsası qoyuldu. Heydər Əliyev bir əsrə sığa biləcək bu cür taleyüklü işlərin hamısını 10 il ərzində gerçəkləşdirməyi bacardı.

Bu işlərin hamısı yalnız bir əsas hədəfə – Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edirdi. Müstəqillik onun üçün adi bir məhfum deyildi. Bir xalqın öz müstəqil dövlətinə sahib olmasının nə qədər əvəzolunmaz bir şans və bir dəyər olduğunu Heydər Əliyev həmin dövrdə hamıdan yaxşı dərk edirdi. Çünki o, Sovetlər İttifaqı kimi dünyanın ən nəhəng super güclərindən birinin hakimiyyət eşalonunun lap zirvəsinə qədər yüksəlmişdi, lakin o, bu dövlətin “xalqlar həbsxanası”ndan başqa bir şey olmadığını bütün ayrıntıları ilə hiss etmişdi, başa düşmüşdü.

Heydər Əliyev belə bir imperiyanın gec-tez dağılacağını bilirdi. Ona görə də məhz milli dövlətçiliyin əsas hədəf kimi götürülməsinin vacibliyini uzaqgörənliklə dərk edirdi. Bu mənada Ulu Öndərin bu sözləri həqiqətən də çox ibrətamizdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Ulu Öndər hər fürsətdə vurğulayırdı ki, indi bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini hər zaman qoruyub saxlamaq və onu inkişaf etdirməkdən ibarət olmalıdır. Bu onun həyatının ali məqsədinə çevrilmişdi və o, bu ülvi məqsədini həyata keçirilmək üçün var gücünü sərf edirdi. 1993-cü ilin sentyabr ayında parlamentdə gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı Ulu Öndərin müstəqilliyimizlə bağlı səsləndirdiyi müdrik bir öncəgörməsi zamanla özünü təsdiqlədi: “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir”. Belə də oldu. Heydər Əliyev ömrünün sonuna kimi bu dahiyanə sözlərinə sadiq qalaraq Azərbaycanın böyüməsi və güclü bir dövlətə çevrilməsi üçün var gücü ilə çalışdı.

Xalqımız və ölkəmiz qarşısında misilsiz tarixi xidmətləri olan bu cür böyük dövlət adamının, strateji düşüncə sahibinin şərəfinə 2023-cü ilin “Heydər Əliyev ili” kimi keçirilməsi bizim onun xidmətləri qarşısında şükranlıq borcumuzun bir ifadəsidir. Öz həyatını dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etməyə həsr etmiş Azərbaycan xalqının böyük və dahi oğlu Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »