MHP Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

0

Milli Həmrəylik Partiyası (MHP) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

MHP mətbuat xidmətinin xəbərinə görə, bəyanatda deyilir:

“26 fevral 2022-ci il tarixində, Ermənistan silahlı qüvvələri və erməni separatçıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 31-ci ildönümü tamam olur. Bu kütləvi qırğın XX əsrdə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən, ən dəhşətli faciələrindən biridir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və erməni terrorçu dəstələri keçmiş sovet-rus ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş soyqırımı aktı törədib. O gecə mülki vətəndaşlarımızın uşaq, qadın, qoca olmağına heç bir fərq qoyulmadan kütləvi surətdə qətlə yetirilməsi ümumən Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsi idi. Bütün faktlar da onu göstərir ki, Xocalıda günahsız insanlar sadəcə etnik mənsubiyyətinə görə, yəni ki, məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib.

Həmin vaxt dünya mediasında bu amansız soyqırımı barədə kifayət qədər geniş məlumatlar dərc olunub. Lakin biz indi həmin məlumatları müxtəsər formada yenidən dünya birliyinin diqqətinə çatdırırıq ki, bu dəhşətli faciədən hər kəsin xəbəri olsun. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 nəfər azərbaycanlı məhz etnik nifrətə, irqçi-millətçi çağırışlara söykənən erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülüb. 1275 nəfər Xocalı sakini girov götürülərək, işgəncələrə məruz qalıb. Belə ki, qırğın zamanı 487 nəfər azərbaycanlı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlatdığı münaqişədən 44 günlük İkinci Qarabağ müharibəsinədək olan dövrdə ermənilər tərəfindən əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Azərbaycan tərəfinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq rəsmi İrəvan həmin 4 min azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat verməyib.

Biz bu amansız qırğının miqyasını və soydaşlarımıza qarşı vəhşiliyin, zorakılığın ən ağır təzahür formalarını əsas kimi götürərərək bu kütləvi qırğını azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndiririk. Beynəlxalq sənədlər və konvensiyalar da bu qırğını soyqırımı kimi tövsif etməyə imkan verir. O cümlədən, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsi və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya da Xocalıda mülki əhalinin məhz etnik mənsubiyyətinə görə kütləvi və məqsədyönlü şəkildə qırğına məruz qalmasını soyqırımı cinayəti kimi qiymətləndirməyə zəmin yaradır.

Ümumiyyətlə, 1949-cu il Cenevrə Konvensiyalarından tutmuş, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta qədər əksər beynəlxalq sənədlərə əsaslanaraq bildiririk ki, istər Xocalı soyqırımı zamanı, istərsə də bütövlükdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bütün humanitar prinsiplər və normalar kobud surətdə pozulub. Xocalıda törədilən cinayətlər beynəlxalq hüququ tanımayan Ermənistan dövlətinin azərbaycanlılara qarşı sistematik zorakılıq siyasətinin tərkib hissəsi olub.

Məlumat üçün onu da bildiririk ki, ötən 31 il ərzində 17 dövlətin parlamenti Xocalı soyqırımını pisləyən qətnamə və qərarlar qəbul edib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə soyqırımı aktı kimi tanıyıb. Lakin bunlar yetərli deyil. Biz hesab edirik ki, bütün dünya ictimaiyyəti beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozan Ermənistana münasibətdə təsirli tədbirlər görməli, əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumatların əldə olunması məqsədilə Ermənistan rəhbərliyinə təzyiqlər etməlidir.

Beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verməlidir. Bu cinayət soyqırımı kimi tanınmalıdır, onun sifarişçiləri və icraçıları, o cümlədən Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan, Arkadi Qukasyan, Bako Saakyan kimi müharibə caniləri ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Bütün Azərbaycan vətəndaşları kimi Milli Həmrəylik Partiyasının üzvləri də inanırlar ki, dünya birliyi gec də olsa ədalətli mövqe tutacaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasını təmin edcək. Erməni faşizmi ilə, erməni vandalizmi ilə üzləşən Azərbaycan xalqı dünya birliyinin obyektivliyinə və bütün ədalətli insanların həmrəyliyinə ümid bəsləyir. Soyqırımı qurbanlarının haray səsini eşitmək bütün insanlığın vicdan məsələsidir.

Milli Həmrəylik Partiyasının İdarə Heyəti”

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »