“AzerGold”un kollektivi şəhid Muxtar Qasımlını ildönümündə – FOTOLAR

0

Fevralın 23-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının anadan olmasının 30-cu ildönümü ilə bağlı məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən Səhmdar Cəmiyyətin kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov bildirib ki, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarından biri də Muxtar Qasımlıdır. Məhz müharibənin başladığı ilk gündən silaha sarılaraq, Vətənin müdafiəsinə qalxan Muxtar kimi Vətən övladlarının sayəsində uzun illərdən bəri düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Müharibəyə qədər idmanın fitnes növündə əldə etdiyi yüksək nailiyyətlərlə idman ictimaiyyəti arasında tanınan, çalışdığı kollektiv arasında böyük hörmət sahibi olan Muxtarı indi bütün ölkə ictimaiyyəti yaxından tanıyır, onun fədakarlığı, göstərdiyi şücaətlər barədə hər kəs məlumatlıdır. Qeyd olunub ki, ömrünün 27-ci baharında canını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə ucalan Muxtar Qasımlı “AzerGold” kollektivinin timsalında onu sevən insanların, ümumilikdə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, ölməz xatirəsi daim ehtiramla yad ediləcəkdir.

Ziyarətdə, həmçinin Muxtar Qasımlının valideynləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri çıxış edərək, şəhid Muxtar Qasımlının keçdiyi döyüş yoluna nəzər salıb, onun Vətən qarşısında göstərdiyi misilsiz şücaətlərdən danışıblar.

Xatırladaq ki, “AzerGold” QSC-də Təhlükəsizlik xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Füzuli rayonunun Alxanlı kəndində qəhrəmancasına vuruşaraq şəhadətə yüksəlib.

Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »