Azərbaycan İranla diplomatik əlaqələri kəsəcək? – Sabiq səfir danışdı

0

Azərbaycanın İrandakı səfirliyinə ötən ay edilən silahlı hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin tənqidlə qarşılanıb.

Yanvarın 27-də baş verən hadisə zamanı terrorçu “Kalaşnikov” silahı ilə Azərbaycan səfirliyinə hücum edib, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi (XİN) hadisəni “terror aktı” adlandırıb. Rəsmi Tehran isə hadisənin “şəxsi motivlərlə” baş verdiyini iddia edir.

Daha sonra XİN Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib və səfirlik əməkdaşları Azərbaycana gətirilib. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, rəsmi Bakı İranda aparılan istintaq barədə məlumat almaq istəsə də, İran tərəfi bu barədə informasiya verməyib. Rəsmi Bakı hesab edir ki, bu hadisə onsuz da “mürəkkəb olan münasibətləri daha da gərginləşdirir”.

Belə olan halda iki qonşu dövlət arasında diplomatik münasibətlərin gələcəyi sual altındadır.

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli İran-Azərbaycan münasibətləri ilə bağlı Modern.az-a danışıb. Sabiq səfir bildirib ki, qonşu ölkələr arasında münasibətlərin gərgin olması hər iki dövlətə təsir edəcək:

“Əslində qonşu dövlətlə münasibətlərimizin gərgin olması çox da ürəkaçan vəziyyət deyil. Nə qədər qonşu dövlətlə münasibətlərimiz gərgin və ziddiyətli olsa da, bu, uzun müddət çəkə bilməz. Uzun müddət diplomatik münasibətlərin gərgin olaraq qalması düzgün olmaz. İndi nələrin ola biləciyini yaşayıb görəcəyik. Azərbaycanın son vaxtlar İrana qarşı siyasəti qlobal prosesin bir hissəsidirsə, Azərbaycan tərəfi ehtiyatlı olmaldır.

Digər tərəfdən İran tərəfi Azərbaycana aparılan istintaqlar barədə də məlumat vermir. Ümumiyyətlə, son zamanlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan səfirliyə terror hücumunun arxasında böyük detallar var. İran bununla Azərbaycana göz dağı vermək istəyirdi və verdi də”.

Qeyd edək ki, Nəsib Nəsibli 1992-1994-cü illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »