“Qubad İbadoğlu Azərbaycana qarşı informasiya müharibəsi elan edib”

0

Siyasi rəqibə qarşı mübarizənin də bəlli bir əxlaqi-etik çərçivələri, “qırmızı xətt”ləri olmalıdır. Bu xəttləri heç kim keçməməli, bu hədləri heç kim aşmamalıdır. Ancaq Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri Qubad İbadoğlu isə “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə görə partiyasını buraxdıqdan sonra deyəsən, onun üçün artıq heç bir “qırmızı xətt”in olmadığını düşünür və o, iqtidarla dövlətin yerini səhv salaraq hətta Azərbaycan dövlətinin nüfuzuna zərbə vurmaq, öz dövlətimizə şər atmaq həddinə qədər irəli gedir.

Qubad İbadoğlunun Azərbaycanın Ukraynaya hərbi sursatlarla bağlı yardım etməsinə dair Facebook hesabında etdiyi məlum paylaşım Azərbaycanı açıq surətdə şərləmək cəhdidir. Çünki hamıya bəllidir ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsində tərəf deyil və tərəflərin heç birinə silah satmır. Azərbaycanın hər iki ölkə ilə – həm Rusiya, həm də Ukrayna ilə dərin əlaqələri var. Ona görə də hələ müharibə başlayan ilk günlərdən bizim ölkəmiz yalnız humanitar yardım təşəbbüsləri ilə çıxış edib, Ukraynanın ağır vəziyyətdə olan mülki vətəndaşları üçün qida, isti geyim və tibbi ləvazimatlar göndərib. Bu da sırf insanlıq məsələsidir.

Qubad İbadoğlunun isə öz ölkəsinə – Azərbaycana qarşı informasiya müharibəsi elan edərək, Ukraynanın dövlət qurumlarına aid olmayan və bəlkə də heç Ukraynadan da idarə olunmayan “Ukraine Weapons Tracker” adlı hansısa bir Twitter hesabında Azərbaycanda istehsal olunmuş minaatan mərmilərinin guya Ukraynaya satılması barədə paylaşılan təxribatçı informasiyanı tez-tələsik tərcümə edərək öz izləyiciləri üçün paylaşması bir siyasətçi üçün, bir alim üçün və nəhayət bir azərbaycanlı üçün həqiqətən də rəzalətdir.

Görünən budur ki, Qubad İbadoğlu alim olmağı bacarsa da, lakin AZƏRBAYCANLI olmağı, təəssübkeş vətəndaş olmağı təəssüf ki, bacarmayıb. Artıq 1 ildir davam edən Rusiya-Ukrayna müharibəsinə münasibətdə Azərbaycanın tutduğu tərəflərdən heç birinə hərbi texnika satmamaq mövqeyi Azərbaycanda hətta siyasətlə maraqlanmayan sıravi insanlara da gün kimi aydın olduğu halda, özünü hər şeydən xəbərdar olan bir ekspert kimi aparan Qubad İbadoğlunun bu adi həqiqətdən bixəbər olması isə heç də inandırıcı görünmür. Onun Facebookda Azərbaycanın Ukraynaya mərmi satması ilə bağlı təsdiqlənməmiş, heç bir sübutu olmayan “məlumat”lar paylaşması “layk” yığmaq məqsədini də güdmür. Qubad ibadoğlu bu “informasiya”nı şüurlu, planlı surətdə paylaşıb. Hədəfi də məlumdur.

Bu cür təxribat məqsədli “informasiya”nı ictimailəşdirmək Rusiya ilə Azərbaycan arasında süni surətdə gərginlik yaradılmasına xidmət edir. Rusiya TV-lərinin propaqandist aparıcıları, millətçi-şovinist ekspertləri sabah Q.İbadoğlunun bu paylaşımınndan Azərbaycana qarşı əks-təbliğat üçün istifadə etsələr, biz buna əsla təəccüblənməməliyik. Çünki onların Azərbaycana qarşı informasiya savaşının növbəti dalğasını başlatmaları üçün bəhanəni Q.İbadoğlu kimi “sapı özümüzdən olan balta”lar vermis olur.

Qubad İbadoğlu kimi kinli, bəd mövqeli insanlar özlərinin dar siyasi mənafeləri naminə dövlətimizin nüfuzuna məqsədli şəkildə zərbə vururlar, ölkəmizin təhlükəsizliyinə xələl gətirirlər, Azərbaycana qarşı xarici təzyiq və təhdidlərin artmasına rəvac verirlər. Mən təəssüf edirəm ki, alimlik missiyasını daşıyan bir azərbaycanlı bilərəkdən və ya bilməyərəkdən düşmən maraqlarına xidmət edir. Lakin siyasətlə məşğul olan hər bir insanımız elə etməlidir ki, onun gördüyü işlər, o cümlədən sosial şəbəkələrdəki paylaşımları dövlətimizin və millətimizin maraqlarını zərbə altında qoymasın.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »