Hindistanın Baş naziri cənab Narendra Modinin bu gün Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə mümkün olan hər cür yardımın göndərilməsinə dair göstərişinə əsasən, baş nazirin baş katibi Dr. Pramod Kumar Mişra təcili yardım tədbirlərini müzakirə etmək üçün görüş keçirib.
İctimairey.az xəbər verir ki, bu barədə məlumatı Hindistan Xarici İşlər Nazirliyi yayıb.
Görüş zamanı Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin Axtarış-Xilasetmə Qrupları və Tibbi Qrupların yardım vasitələri ilə birlikdə Türkiyə Cümhuriyyəti Hökuməti ilə koordinasiya əsasında dərhal Türkiyəyə göndərilməsi qərara alınıb.
Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin 100 nəfərdən ibarət iki komandası xüsusi təlim keçmiş axtarış itləri və lazımı avadanlıqla birlikdə axtarış-xilasetmə əməliyyatları üçün zəlzələ bölgəsinə göndərilməyə hazırdır. Təlim keçmiş həkimlər və feldşerlərdən ibarət Tibbi Qruplar da zəruri dərmanlarla göndərilmək üçün hazırlanırlar.
Yardım vasitələri Türkiyə Cümhuriyyəti Hökuməti və Hindistanın Ankaradakı Səfirliyi və İstanbuldakı Baş Konsulluğu ilə koordinasiya əsasında göndəriləcək.
İclasda Hindistan Nazirlər Kabinetinin katibi, Daxili İşlər Nazirliyinin, Milli Fəlakətlərə Qarşı Mübarizə İdarəsi, Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvəsi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Mülki Aviasiya Nazirliyi, Səhiyyə və Ailə Rifahı Nazirliyinin nümayəndələri iştirak ediblər.