İran dövləti Azərbaycandan rəsmi qaydada üzr istəməlidir

0
Son vaxtlar cənub qonşumuzdan az qala hər gün hansısa xoşagəlməz xəbərlər eşitməkdəyik. Bu gün səhər saatlarında ölkəmizin İrandakı səfirliyinə silahlı hücum edilməsi isə bilavasitə Tehranın molla rejiminin məsuliyyətsizliyinin göstəricisidir. Hücum nəticəsində səfirliyimizin bir mühafizəçinin şəhid olması, daha iki nəfərinin isə yaralanması faktı bu hadisənin birmənalı olaraq terror aktı olduğunu göstərir.
Biz hücum nəticəsində qətlə yetirilən səfirlik əməkdaşımızın ailə üzvlərinə başsağlığı və dəstəyimizi bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Milli Həmrəylik Partiyası olaraq diplomatik nümayəndəliyimizə qarşı xain hücumu qəti şəkildə pisləyir və hesab edirik ki, sözügedən silahlı hücumun arxasında kimlərin (ermənilərin, Hizbullahın, SEPAH-ın və ya hər hansı başqa qüvvənin) dayanmasından asılı olmayaraq, İran hakimiyyəti bu tükürpərdici hadisəyə görə məsuliyyət daşıyır.
Səfirliyimizin təhlükəsizliyini təmin etmək İran dövlətinin həm borcu, həm də birbaşa vəzifəsidir. Çünki İran tərəfi bununla bağlı məlum beynəlxalq konvensiyaya imza atıb və öz üzərinə öhdəlik götürüb. Odur ki, Tehran rejimi hadisəni törədənlərin tez bir zamanda tapılıb məsuliyyətə cəlb olunması və layiqincə cəzalandırılması üçün dərhal hərəkətə keçməli, gərəkən addımları atmalıdır.
Ola bilsin ki, səfirliyimizə qarşı xain hücumu planlaşdıran üçüncü qüvvələr də var və onlar bu yolla Azərbaycan-İran münasibətlərini tamamilə korlamağı hədəfləyiblər. Lakin bütün hallarda baş vermiş hadisəyə görə İran tərəfi cavabdehlik daşıyır və o, bu hadisənin təşkilatçıları, icraçıları, əsas hədəfləri ilə bağlı bütün suallara tezliklə aydınlıq gətirməlidir. Eyni zamanda İran dövləti Azərbaycandan rəsmi qaydada üzr istəməli və hücum zamanı qətlə yetirilən səfirliyimizin mühafizə rəisinin ailəsinə başsağlığı verməlidir. Bu, İran tərəfinin həm siyasi, həm də mənəvi davranış məsələsidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »