“Avropa Parlamenti Qarabağda separatçılığı körükləmək yolunu tutmamalıdırlar”

0

ABŞ dövlət katibi Antoni Blinken ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub və onunla Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı söhbət edib. ABŞ-ın ən önəmli simalarından birinin Laçın yoluna görə narahatlığı maraq doğurur. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da İlham Əliyevə zəng vurub Azərbaycan-Ermənistan münasibətləri barədə, Laçın yolundakı ekoaksiya haqda söhbət etmişdi. Ümumiyyətlə, sözügedən aksiya ilə bağlı bu aralar Azərbaycan Prezidentinə müraciət edən xarici dövlət və hökumət rəsmiləri çox olub.

Maraqlıdır ki, Ermənistan dövləti və Xankəndidəki separatçılar Laçın yolundan qanunsuz olaraq minalar daşıyanda, Qızılbulaq və Dəmirli yataqları barbarcasına istismar ediləndə, ABŞ-ın və digər Qərb ölkələrinin çoxsaylı sanksiyalar tətbiq etdiyi İrandan Xankəndinə qanunsuz yüklər daşınanda Laçın yolunun bağlanmasının vaciblliyi bu gün Azərbaycan Prezidentinə müraciət edən xarici liderlərin və diplomatların heç birinin yadına düşmürdü. Ancaq ermənilər uydurma “blokada” ittihamını ortaya kimi onlar dərhal hərəkətə keçdilər.

Lakin bu zənglər, müraciətlər və yaxud, Avropa Parlamentinin şər, böhtan dolu məlum qətnaməsi Azərbaycanı öz haqlı mövqeyindən daşındıra billməz. Prezident İlham Əliyev də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı tamamilə haqlı olaraq vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

Eyni zamanda Ermənistan istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək Xankəndi istiqamətində daşınmasına da dünya birliyi tərəfindən lazımi hüquqi-siyasi qiymət verilməlidir. Qərb ölkələri və Avropa Parlamenti kimi beynəlxalq qurumlar Ermənistandan 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini tələb etmək əvəzinə, Qarabağda separatçılığı körükləmək yolunu tutmamalıdırlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »