“Erməni faşizminə dəstək verən bütün avroparlamentarilər ifşa olunacaq”

0

Fransadan olan deputatların təşəbbüsü ilə Avropa Parlamentinin (AP) yanvarın 19-da reallıqdan uzaq, Azərbaycan əleyhinə böhtan xarakterli bəndlərin yer aldığı qətnamə qəbul etməsi bu qurumun iç üzünü açır. Avropa Parlamenti erməniçiliyə xidmət edən şər yuvası rolunda çıxış edir. Qətnamədəki əsassız iddialar da bunu təsdiqləyir. Belə ki, qətnamədə qeyd olunur ki, guya, Azərbaycan Ermənistana hərbi təcavüz edib, həmçinin Laçın yolu “blokada”dadır və Xankəndidə yaşayan ermənilər ciddi çətinliklərlə üzləşiblər.

Avroparlamentarilər Azərbaycana böhtan atmaqla yanaşı, Laçın yoluna nəzarət edən rusiyalı sülhməramlıları da fəaliyyətsizlikdə günahlandırıblar və onların beynəlxalq sülhməramlı qüvvələrlə əvəz olunması zərurətini vurğulayıblar. Bununla yanaşı, avropalı deputatlar BMT və ATƏT kimi təşkilatları Laçın dəhlizinə faktaraşdırıcı, müşahidəçi missiya göndərməyə çağırış ediblər. Sonda isə Azərbaycan və Ermənistanı tarixə qovuşmuş “Madrid prinsipləri” əsasında sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Bu cür sərsəm çağırışlar və əsassız ittihamlar belə təəssürat yaradır ki, AP-nin deputatları sanki paralel dünyada yaşayırlar və onların məqsədi Avropada təhlükəsizliyi təmin etmək, Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına dəstək vermək deyil. Avropa Parlamenti nümayəndələrinin reallıqdan birmənalı şəkildə uzaq qətnaməsi açıq şəkildə ermənilərin maraqlarının müdafiəsinə xidmət edir. Əvvəllər heç olmasa, “ikili standartlar” prinsipi ilə hərəkət edən AP deputatları indi gerçək niyyətlərini gizlətməyə heç bir cəhd göstərmirlər. Erməni lobbisinin çirkli pullarına dadanan avroparlamentarilər Ermənistanın vəkili kimi çıxış edirlər.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin separatçılar və Ermənistan hökuməti tərəfindən qeyri-qanuni istismar edilməsi və digər ölkələrə daşınması, bölgədə ekoloji böhranın kritik həddə çatması, ermənilərin mina terroru nəticəsində son 2 ildə 300-ə qədər Azərbaycan vətəndaşının həlak olması, Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında qalması, Ermənistan hökümətinin yekun sülh müqaviləsini imzalamaqdan cürbəcür bəhanələrlə yayınması isə Avropa Parlamentinin üzvlərini qətiyyən narahat etmir. Onlar bu faktlara göz yummağa üstünlük verirlər.

Bu gün avropalı qanunvericilərin erməni revanşizmini dəstəkləməsi 80-85 il öncə Avropa liderlərinin alman faşizminə göz yummasından heçnə ilə fərqlənmir. Məsələlərə bu cür qərəzli və qeyri-obyektiv yanaşan avropalı deputatlar əslində odla oynayırlar. Sivilizasiyanın, humanizmin beşiyi roluna iddia edən Avropa növbəti dəfə faşizmin beşiyinə çevrilir. Ədalət və məsuliyyət hissini itirən, erməni lobbisinin sifarişlərinin icraçısına çevrilən, anti-Azərbaycan xarakterli qətnamə qəbul edən avropalı parlamentarilər hərdənbir tarix kitablarını vərəqləməli və Nürnberq prosesini unutmamalıdırlar. Rüşvət müqabilində və xristian təəssübkeşliyi əsasında erməni faşizminə dəstək verən bütün avroparlamentarilər ifşa olunacaq və tarix qarşısında cavab verəcəklər!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 44 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »