200 nəfərlik missiya Ermənistana niyə gəlir?

0

Sözügedən xəbər kifayət qədər ciddi mənbələrə əsaslanır. Lakin burada yanaşmada fərq var. Belə ki, əvvəlki missiyalar yalnız sərhədə və iki aylıq göndərilirdisə, növbəti missiya bütün Ermənistan ərazisinə və iki il müddətinə göndəriləcək. Açıq şəkildə bildirilməsə də, missiyanın heyətinin iki yüzə yaxın şəxsdən ibarət olacağı qeyd olunur.

Bu sözləri Axar.az-a Avropa Birliyinin Ermənistana yeni missiyasının göndərilməsi haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Ekspert missiyaların göndərilməsinin bölgədə AB, Fransa və Rusiya arasında nüfuz uğrunda gedən mübarizənin təzahürü olduğunu bildirib:

“Bəhs etdiyimiz missiya Avropa Birliyinin və Fransanın Rusiya ilə Cənubi Qafqazda apardığı nüfuz müharibəsinin, bölgəyə yerləşmək cəhdlərinin davamıdır. Fransa daha öncə Qarabağda aktivlik göstərmək istədi, lakin Azərbaycan və Rusiyanın müqaviməti ilə rastlaşdı. Sonra Paşinyan Makronun sülhlə bağlı danışıqlarda iştirakını şərt kimi irəli sürdü, Azərbaycan bu şərti rədd etdi. Həmin dövrdə Fransa Senatında “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” qətnamə layihəsi qəbul olundu. Qətnamədə Fransanın Azərbaycanın neft-qaz sektoruna qarşı sanksiya tətbiq etməməsi üçün iki şərt irəli sürüldü: birincisi, Azərbaycan Ermənistan ilə sərhəddə Fransanın hərbi baza qurmasına razı olmalı idi; ikincisi isə Fransanın Xankəndidə nümayəndəlik açmasına razılıq verilməli idi.

Xankəndidə nümayəndəlik açılmasına icazənin verilməsi əslində de-fakto Qarabağa muxtariyyətin verilməsi mənasına gəlirdi. Azərbaycanın növbəti dəfə cavabı sərt oldu. Sonra Praqa görüşü zamanı Makronun irəli sürdüyü təklif əsasında Ermənistana AB-nin missiyası göndərildi. Fransa yenə bölgədə Rusiya ilə birlikdə nüfuz dairəsi yaratmaq üçün təkliflə çıxış etdi. Təklifə görə, Fransa Rusiya hərbçiləri ilə birlikdə BMT mandatı altında sərhəddə sülhməramlı kimi fəaliyyət göstərməli idi. Təklifə ABŞ və Böyük Britaniya öz etirazını bildirdi. Çünki onlar heç bir halda Rusiya ilə əməkdaşlığa tərəfdar deyillər. Rusiya özü də təklifə isti yanaşmadı”.

Turab Rzayev AB və Fransanın bölgədə ortaq, yaxud paralel fəaliyyət göstərmək üçün təkliflərlə çıxış etdiyini, lakin onların Azərbaycan və Rusiya tərəfindən rədd edildiyini vurğulayıb:

“Bugünlərdə isə Ermənistan rus ordusunun Qarabağdan çıxarılmasını və bölgəyə BMT mandatı altında qarışıq qoşunun yerləşdirilməsini təklif edir. Eyni məsələ Fransa tərəfindən də gündəmə gətirilir. Bütün baş verən hadisələrdən çıxış edərək AB və Fransanın bu məsələdə sinxron hərəkət etdiyini deyə bilərik. Onlar hər bir halda ya Rusiya ilə birlikdə, yaxud da paralel şəkildə bölgədə hərbi-siyasi formada təmsil olunmaq, Cənubi Qafqaza müdaxilə etmək niyyətindədirlər. Biz ABŞ və İngiltərənin Fransa ilə eyni fikirdə olmadığını, təşkilat daxilində isə Azərbaycanla danışıqların tərəfdarı olan üzvlərin mövcudluğunu görürük. Ona görə AB ölkəmizə qarşı qətnamə layihəsini heç Komissiyanın gündəminə salmadı. Fransa isə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bitmədiyi, yolların tükənmədiyi, ona görə Qarabağın müstəqilliyini tanımayacaqları haqqında açıqlama verdi. Yəni Fransa da hərəkət etmək üçün özünə əl yeri qoydu. Avropa Birliyi belə daimi müdaxilələrlə nə vaxtsa Rusiyanı hansısa formada bölgəni nüfuz dairələrinə bölməyə razı sala biləcəyini düşünür. Təşkilatın planına görə, Rusiyanın ABŞ və İngiltərənin Cənubi Qafqazda yerləşməsi yerinə, Avropa Birliyinin aparıcı üzvü Fransaya bölgədə yer verməsi daha realdır. Çünki Moskvanın Parislə dil tapması daha asandır. Bütün baş verən proseslərdə ölkəmiz üçün fərqli məqam ondan ibarətdir ki, Azərbaycan sərhəd, Qarabağ və xüsusilə Laçın dəhlizi ilə bağlı çağırışlar olduğu zaman tərəf kimi buna birbaşa münasibət bildirə bilər. Lakin bütün Ermənistana göndəriləcək missiya, yaxud hansısa ölkənin ordu birləşmələrin oradakı rus ordusunu əvəz etməsi məsələsində Azərbaycanın proseslərə müdaxilə imkanı məhdudlaşır. Çünki bu o zaman Ermənistan və Rusiya, Avropa Birliyi arasındakı məsələyə çevrilir. Lakin məsələ dövlətimiz tərəfindən diqqətdə saxlanılmalı, bölgədə ölkəmiz əleyhinə yönələn əməkdaşlıqların, ittifaqların formalaşmasına fürsət verilməməlidir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »