Paşinyan Rusiyadan üz döndərir – Son olayların PƏRDƏARXASI

0

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günlərdə keçirdiyi mətbuat konfransında Rusiya ilə bağlı səsləndirdiyi fikirlər Rusiyanın siyasi elitasında ciddi müzakirələrə səbəb olub.

Paşinyan əvvəlcə bildirib ki, Ermənistanda KTMT-nin hərbi təlimləri keçirilməyəcək. O, qərargahı məlumatlandırdığını desə də, KTMT dərhal erməni baş naziri təkzib edib. Digər tərəfdən Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu ölkəsi üçün təhdid adlandırıb.

“Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır”,- deyə Paşinyan bildirib.

Bəs, Paşinyanın ittihamlarından sonra Rusiya Ermənistanla bağlı hansı addımları atacaq?

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyzhmakov Modern.az-a bildirib ki, hazırda Nikol Paşinyan Rusiyadan üz döndərib Qərbə yaxınlaşmaq istəyir:

“Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı həm Rusiyaya, həm də Qərbə sətiraltı siyasi mesajlar ünvanladı. Digər tərəfdən Paşinyan bir sıra bəyanatlar verərək Ermənistanda daxili auditoriyanı rahatlatmağa çalışır. O, xalqı razı salmağa çalışır ki, Ermənistanın Rusiyaya ehtiyacı yoxdur və hakimiyyət aralarına məsafə qoymağa çalışacaq. Ola bilsin ki, Ermənistanın baş naziri Moskvaya qarşı sərin bəyanatlar fonunda Qərb siyasətçiləri ilə təmaslar üçün daha əlverişli fon yaratmaq istəyir.

Xatırladım ki, mətbuat konfransından bir müddət əvvəl Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistana səfər etmək niyyətini açıqlamışdı. Artıq sədr Ermənistandadır. Paşinyanın çıxışını həm də bu səfərə bağlamaq olar”.

Tanınmış ekspertin fikrincə, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri sərinlədərkən Qərbə müsbət siqnallar vermək istəyir. Eyni zamanda, Moskva ilə İrəvan arasında dialoqun davam etdirilməsi imkanları heç bir halda tam qapalı deyil:

“Nikol Paşinyanın 2023-cü ildə Ermənistanda KTMT-nin himayəsi altında təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığı barədə bəyanatından danışarkən daha bir nüansı nəzərə almağa dəyər. Bir çox müşahidəçilər bu il ərzində Ermənistan və Azərbaycan sərhədində yeni gərginliyin yaranacağını, bunun bəlkə də 2022-ci ildən daha geniş olacağını gözləyirlər. Belə olan halda Azərbaycanla sıx təmasda olan KTMT-yə üzv ölkələrin ən azı bəziləri (məsələn, Qazaxıstan və Belarusiya) gərginliyin növbəti dəfə artması fonunda bu cür təlimlərdə iştirakdan imtina edə bilər.

Ola bilsin ki, KTMT nümayəndələrinin Nikol Paşinyanın təlimlərlə bağlı bəyanatına reaksiyasının çox təmkinli olmasının səbəblərindən biri də budur. Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov qeyd edib ki, KTMT “Ermənistan Respublikasında mövcud vəziyyəti başa düşür və bu, KTMT-nin nəzərdə tutulan sülhməramlı təlimlərinin tam keçirilməsinə imkan verməyə bilər”. Əlbəttə, belə olan halda Ermənistan KTMT-dən açıq şəkildə dəstək görməyəcəyini bilir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »