“Bu, siyasi partiyalar üçün həyati əhəmiyyətli hadisədir”

0

Başa çatmaqda olan həftənin əsas hadisələrindən biri də “Siyasi partiyalar haqqında” qanunun dövlət başçısı İllham Əliyev tərəfindən təsdiqlənməsi oldu. Bu, siyasi partiyalar üçün həyati əhəmiyyətli hadisədir. Yeni qanunun qüvvəyə minməsi ölkəmiz üçün, siyasi mühitimiz üçün xeyirli-uğurlu olsun. Yeni qanun həm yeni reallıqlar, həm də yeni imkanlar yaradır. Odur ki, sədri olduğum Milli Həmrəylik Partiyası başda olmaqla bütün partiyalara uğurlar diləyirəm.

Yeni qanunun layihə variantının Milli Məclis tərəfindən təşkil edilmiş ictimai müzakirəsində digər partiyalarla bərabər bizim partiya da təmsil olunub. Dinləmələr kifayət qədər açıq və demokratik keçib. Layihə variantında yer almış ayrı-ayrı məhdudlaşdırıcı məqamlarla bağlı partiyaların tənqidi reaksiyaları, iradları nəzərə alınıb. Həmçinin təkliflərə də diqqətlə yanaşılıb və bir sıra təkliflər qanunun yekun variantında öz əksini tapıb. Odur ki, yeni qanunun bir çox hallarda siyasi partiyaların tələblərinə cavab verəcəyini düşünürəm.

Əlbəttə, əvvəlki qanunun da öz müsbət cəhətləri vardı. Lakin bununla belə, 1992-ci ildə qəbul edilmiş həmin qanunun bir çox müddəaları artıq 21-ci əsrin üçüncü onilliyinin reallıqlarına, çağırışlarına uyğun gəlmirdi. Odur ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətini yeni dövrün şərtlərinə, diktələrinə uyğun tənzimləyə bilən yeni qanunun qəbul edilməsinə ehtiyac vardı. Ümid edirəm ki, yeni qanun bu ehtiyacı bir xeyli dərəcədə qarşılaya, ödəyə biləcək.

Yeni qanun iqtidar-müxalifət münasibətlərinə də, siyasi dialoq prosesinə də, partiyalararası əməkdaşlığa da yeni məzmun və dinamika gətirəcək. Partiyalar arasında sağlam rəqabət mühiti formalaşacaq. Əlbəttə, bütün bunlar sadəcə olaraq pozitiv təxminlərimiz və gözləntilərimizdir. Biz bu qanunun mövcud siyasi partiyalar üçün faydalı olacağını düşünürük. Ən doğru olanını isə inşAllah real proseslərin gedişində görəcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »