Məhsa Mehdili: “Edam etmək, həbsə atmaq, öldürmək, işgəncə vermək problemin həll yolu deyil”
Ötən ilin sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda Cənubi Azərbaycan daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçı öldürülüb və minlərlə vətəndaş həbs edilib. Ölkənin müxtəlif bölgələrində öldürülən və həbs edilənlər arasında çox sayda gənc qadın və qızların adları var. İran İnsan Haqları Təşkilatının son məlumatına görə, İranda davam edən etiraz aksiyalarında 70-i uşaq olmaqla, 519 nəfər hökumət məmurları tərəfindən öldürülüb. Məlumatda 698-i tələbə olmaqla 19291 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb. Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.
Onu da qeyd edək ki, İranda Məhəmməd Bruğəni və Məhəmməd Qubadlının edam ediləcəkləri ilə bağlı məlumatlar yayıldıqdan sonra yüzlərlə insan səhər saatlarında Kərəc şəhərinin həbsxanası qarşısına toplaşıb. Etirazçılar hər iki şəxs barədə ölüm hökmünün ləğv edilməsini tələb ediblər. Həbsxana mühafizəçiləri həbsxana qarşısına toplaşan insanlara atəş açıb.
Qeyd edək ki, etiraz aksiyalarında iştirakına görə saxlanılan bu şəxslər yanvarın 8-i axşam saatlarında edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.
İranda davam edən 115 günlük etiraz aksiyaları zamanı 73 jurnalist də həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşları da var.
Baş verən hadisələrlə bağlı “Xalq Cəbhəsi”nə münasibət bildirən siyasi ekspert Məhsa Mehdili (Fransa) öncə deyib ki, İranın siyasi sistemi diktaturadır. Ona görə də burada hökumət-dövlət ayrımı yoxdur. İranda Prezident məqamı formal xarakter daşıyır. Çünki bütün qüvvələrin əsas başçısı dini liderdir. O, xalq tərəfindən seçilmir və deyir ki, mən Allah tərəfindən göndərilmişəm. Yəni, o, özünü Allahın vəkili olaraq görür. Eyni zamanda İran heç bir sahədə demokratik məkan tanımır ki, insanlar gedib orada etirazlarını bildirsin. Azad televiziya, azad mətbuat, azad mitinq yoxdur. Sadəcə, Türkiyə və Azərbaycana qarşı propoqanda aparmaq istəyərkən, ermənilər üçün azad mitinq təşkil edirlər. Danışmaq istəyən də müxtəlif vasitələrlə susdurulur. Belə bir sistemdə insanlar məcburi formada küçələr axın edib. Çünki sözlərini demək üçün ayrı bir məkan yoxdur: “Bu 4 ay ərzində minlərlə insan həbs edilib, yüzlərlə insan küçələrdə, işgəncələr altında öldürülüb, həbsxanalarda zülm altındadır, hətta bir çox gənc edam edilir. Onların çoxu kasıb aillərdəndir, kimsəsiz, yoxsuldur, məhkəmələrə belə çəkilirlər. Rejim bir addım da olsun geri atmayıb. Əsəs məsələləri kölgədə saxlamaq üçün qadınların geyim məsələsi şişirdilir. Halbuki etirazların mahiyyəti, orada tələb olunan haqq və ədalət təkcə geyimlə məhdud deyil. Media daha çox geyim məsələsini ictimailəşdirdiyindən rejim də diqqəti buna yönəldir. Əsas məsələlərdən iqtisadi, insan haqlarının qorunması, əhalinin yaşam tərzi, istehsalat, sosial vəziyyət və s. məsələlər kölgədə saxlanılır. İran rejiminin aksiyalarda haqqını tələb edən gəncləri edam etməsi faciədir. 2006-cı ildə də Güney Azərbaycanlılar küçəyə çıxanda o zaman mən də orada idim, gözümüzün qabağında qadınları öldürdülər. Özəlliklə Orta Şərqdə sadəcə xalqın etirazı olmur, xarici faktorların da müdaxiləsi çox önəmlidir. Sadəcə onların da qaşımıza-gözümüzə aşiq olduqlarını düşünmürəm. Fikrimcə, rejimin rəhbərləri ağıllı-başlı düşünərək, xaos yaratmadan, heç bir müdaxilə olmadan problemləri həll etməlidirlər. Həll olunmalıdır, çünki bu etirazlar davam edəcək”.
M.Mehdili qeyd edib ki, İranın iqtisadi vəziyyəti onsuz da bərbad durumda idi: “Birincisi budur ki, İran bütün iqtisadi qaynaqlardan əldə etdiyi vəsaiti xaricdəki terror qruplarını saxlamağa, silahlandırmağa, inkişaf etdirməyə yönəldib. Hətta fərqli yerlərdə savaşlardan belə çəkinmir. Orada terror qruplarını üst quruma çevirməyə cəhdlərdə olub. İran yanlış qonşuluq, yanlış xarici siyasət apardığına görə bir çox sanksiyalara məruz qalıb. İranda dəhşətli bir vəziyyət yaranıb. Əhalinin çoxu yoxsulluq içindədir, işsizlik artıb, istehsal müəssisələri bağlanır, gənclər ölkəni tərk etmək məcburiyyətində qalıb. Yazıqlar olsun ki, rejim bu kimi problemləri həll etmək əvəzinə, apardığı yanlış iqtisadi, siyasi siyasət nəticəsində problem üstünə problem gətirir. Nəticədə ölkəni belə etirazlar bürüyür. İran müxtəlif cəzalar tətbiq etməklə etirazı, haqqlarını tələb edənləri susdurmaq istəyir, amma bacarmır. Çünki, ölkədə vətəndaş süfrəsinə qoymağa çörək tapmırsa, yaşamağa ümidi qalmayıbsa haqqını tələb etmək məcburiyyətində qalacaq. Ayağa qalxıb haqqını tələb edən yüzminlərlə insanı susdurmaq mümkün deyil”.
Siyasi ekspertin fikrincə, İranın öz içərisində yaşayan xalqların, dini qrupların, dini kəsimlərin toplumsal və siyasi problemləri görməzdən gəlməsi nəticəsində böyük bir narazılıq zatən illərdir davam edirdi. İndi bu, daha da yüksəlib. Çünki İran dövləti orada yaşayan qadınların, dini qrupların, millətlərin, hətta farsların özünün belə həyatını cəhənnəmə çevirib: “İran bütün qonşuları ilə üstüaçıq və ya örtülü, dilə gətirilən və gətirilməyən problemlər yaşayır. Emənistanı isə “əlində tutmağa” çalışır. İçəridə xarici siyasətdən gələn zərərlərin bədəlini orada yaşayan xalqlar birmənalı olaraq ödəyirlər. İqtisadi və sosial olaraq ciddi problemlər, işsizlik var. Görürük ki, sadalanan problemlər heç elə bil İran dövlətininin məsələləri deyil. Sanki belə bir vəzifəsi, öhdəlikləri yoxdur.
Misal üçün deyim ki, son günlər ən həssas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və Ermənistanla İranın sərhədlərinin dəyişməsi, Azərbaycanın bölgədə güclənməsidir. İran ağıllı davransa, azərbaycanlılarla danışıq aparsa, özü üçün gücə də çevirə bilər. Amma onlar “dövlət ağıllarını” itiriblər. 22 yaşındakı xanımı geyimə nəzarət edən əxlaq polis öldürdü. Bu “keyfi kontroldur”. Nə üçündür, kimə xidmət edir, bilinmir. Bu, ilk deyildi. Bəzi nöqtələrdə belə hadisələr var idi. Bardağın daşdığı nöqtədə bir olay olur və bu olay bəhanə olur ki, insanlar çıxıb öfkələrini göstərsinlər. Demokratik ortamlar, azad mətbuat, qeyri- hökumət təşkilatları, partiya sistemi olmadığı üçün insanlar məcbur küçələrdə etrazlarını göstərirlər. Başqa meydan yoxdur. İran ayrıca bir meydan açmır ki, insanlar gəlib orada etirazların göstərsinlər”.
M.Mehdili vurğulayıb ki, İran vətəndaşların bütün hüquqlarını əlindən alıb, hətta interneti belə qadağan edib, ölkədə sistem işləmir. Ona görə də əhali küçələrə çıxıb haqqlarını tələb edir: “Demokratik, inkişaf edən ölkədə müxalif qüvvələr olur, müxtəlif, fərqli düşüncə sahibləri olur, onların azad fikir, söz söyləmək hüququ olur, onların fikirlərinə hörmətlə yanaşılır, hüquqları var. İranda bunların heç biri yoxdur. Haqqını tələb edən müxtəlif cəza tədbirləri ilə susdurulur. Heç vaxt bu rejim insanı dinləməz, ancaq onu susdurar. Ölkədə hakimiyyətin, hökumətin bu siyasətinə etiraz edildikdə, rejim bunu Qərbin və yaxud başqa xarici ölkənin, qüvvənin üstünə atır. Qərb gəldi meydanlarda insanları güllələndi, edam etdi, həbsxanaya saldı? Sənin yarıtmaz siyasətinin nəticəsində bu etirazlar başlayıb, çıx insanların qarşısına, dinlə onları, əvəzində üstlərinə silah çəkil, boyunlarına ip atılır. Bu hakimiyyətin ağılsızlığıdır”.
Siyasi ekspert İranın üzləşdiyi sanksiyalardan da danışıb. Bildirib ki, bu sanksiyalardan həmişə xalq əziyyət çəkib. İran hökuməti, mollaların isə rifahı yaxşıdır.
Məhsa Mehdili İranda məlum hadisələrlə bağlı dünyanın susmasına, xüsusilə ABŞ başda olmaqla NATO qüvvələrinin bu ölkəyə silah çəkməsi ehtimalına belə münasibət bildirib: “Fikrimcə, buna ehtiyac yoxdur, başqa dövlət İranda silah gücünə hakimiyyəti nə dəyişə, nə də insan haqlarını bərqərar edə bilər. ABŞ və yaxud NATO-nun bölgəyə sülh gətirəcəyinə inanmıram. İran özü daxildə elə bir ağıllı, məntiqli siyasət aparmalıdır ki, əhalinin iqtisadi, sosial həyatı düzəlsin. İran hakimiyyəti insana dəyər verməlidir, onun haqqını tanımalıdır, haqqını verməlidir, onun sosial həyatını yaxşılaşdırmaq istiqamətində siyasət aparmalıdır. Edam etmək, həbsə atmaq, öldürmək, işgəncə vermək, təqib etmək, qorxutmaq problemin həll yolu deyil”.