Azərbaycanın şimalı artıq bizim – Güney azərbaycanlıların səsi olub və haqlı səsimizi dünyaya tanıtmaqda bizə dəstək olur. Bu, bizim tək olmadığımızı göstərir.
Bu fikirləri Axar.az-a Güney azərbaycanlı fəal Kürşad Ağdərəli İranda yaşayan etnik millətlərin bəyanatları ilə bağlı danışarkən deyib.
O, azsaylı xalqların assimilyasiya siyasətinə məruz qaldığına diqqət çəkib:
“Son yüz ildə İranda farsmərkəzli sistem mövcud olub. Etnik millətlərin bütün iqtisadi-siyasi, mədəni hüquqları daim tapdanıb. İllərlə azsaylı xalqlar assimilyasiya siyasətinə məruz qalıb. İstər ərəblər, istər qaşqay türkləri, istət lor, bəluc və digərləri olsun – hamısının haqları pozulur. Xalqlar artıq bezib. Onları susdurmaq üçün isə etiraza qalxan gəncləri edam edirlər. Şah rejimində olduğu kimi, bu hakimiyyət də geri addım atmır, qeyri-farslara qarşı ayrı-seçkilik göstərməyə davam edir. İranda yaşayan xalqların əsas istəyi azad yaşamaqdır. Onlar öz dövlətlərinin qurulmasına çaba göstərir, daha aldanmaq istəmirlər. Çünki şah dönəmində də qeyri-farslara qarşı irtica düşüncə hökm sürürdü. Yerinə gələn mola rejimi əvvəl vədlər verərək özünü yaxşı göstərdi. Sonradan vəziyyət dəyişdi”.
O bildirib ki, hazırda İranda bəzi qüvvələr etnik xalqların etibarından istifadə edir, onları birliyə səsləyir:
“Bəzi qüvvələr molla rejiminin devrilməsində bu xalqların gücündən istifadə etmək istəyir. Lakin bu bəyanatlar və son zaman artan fəallıq onu deməyə əsas verir ki, etnik millətlər artıq təşkilatlanır.
Biz də Güney Azərbaycan fəalları olaraq dövlətimizin qurulmasından yanayıq. Güney Azərbaycanda əsas çatışmayan cəhət təşkilatlanmadır. Bu problem həllini tapdıqdan sonra inanıram ki, dövlətimizi quracağıq. Ümid edirik ki, bu sülh yolu ilə həll olacaq. Qeyri-fars millətlər aldadılmaqdan, rejimin devrilməsindən sonra farslaşdırma siyasəti aparan yeni hakimiyyətin qurulmasından ehtiyat edirlər”.
Azərbaycan Mərkəzi Partiyasının üzvü Elyar Kamrani isə bildirib ki, qeyri-farsların dəfələrlə yaydığı bəyanat dünyanın diqqətini İrana çəkmək məqsədi daşıyır:
“Bu mənada əvvəlki bəyanatlar öz bəhrəsini verib. 8 partiyanın birgə imzaladığı bəyanatda “İranın qəddar və cinayətkar rəftarını qınayırıq və “dur” deməsini istəyirik! İran dövləti 20-yə yaxın gənci edam etmək istəyir. Dünyanın azad ölkələri, bəlkə bizim səsimizi eşidə, İran daha yeni cinayətlərə əl atmaya”, – deyilir. Etirazlarda tutulanlar vəkillə təmin olunmur. Rahat şəkildə edam və ölüm hökmü verilir. Lakin onların qatilləri cəzasız qalır. Bu bəyanatla biz dünyanın diqqətinə İranda baş verənləri çatdırmaq istəyirik. Bu 4 aylıq etirazlara ölkədə yaşayan bir sıra millətlər qoşulub. İranda bəzi mərkəzçi qruplar və totalitar düşüncəyə malik insanlar var ki, onların da öz məqsədi var. Media imkanlarından bəhrələnərək, özlərini bu mübarizənin içində varmış kimi aparırlar. Bu bəyanatla onların çirkin oyunlarına diqqət çəkmək istəmişik”.
Xatırladaq ki, İranda qeyri-fars millətlər növbəti dəfə birgə bəyanat yayaraq hüquqlarının tanınmasının vacibliyini vurğulayıblar.