“Ələkrəm Hümbətov kimi satqının miskin aqibəti sevinc osmanqızılara görk olmalıdır”

0

Xaricdə ləyaqətlə yaşamaq və azərbaycanlı adını göz bəbəyi kimi qorumaq zənnimcə, həddindən artıq məsuliyyətli işdir. Lakin əfsuslar olsun ki, bu məsuliyyətin yükünü daşımaq heç də hər bir soydaşımıza müyəssər olmur. Bəzi soydaşlarımız yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarının və ya xaricdəki erməni lobbilərinin “tələ”sinə düşür, onların maraqlarına xidmət etməyə başlayırlar. Sevinc Osmanqızı adlı yutuber də həmin dırnaqarası “azərbaycanlı”lardan biridir. Onun srağa gün növbəti dəfə Youtube kanalında səsləndirdiyi sərsəm fikirlər, qarayaxmalar, təhriflər də bu fikrimizi təsdiqləyir.

S.Osmanqızının xüsusi əhəmiyyəti hesab edərək toxunduğu məsələlər Laçın yolunda davam edən ekoloji aksiya, 12-13 sentyabr döyüşlərinin nəticələri, BMT Təhlükəsizlik Şurasında baş tutmuş anti-Azərbaycan xarakterli dinləmələr, Zəngəzur dəhlizi, Qərbi Azərbaycana Qayıdış kimi bir sıra aktual məsələləri əhatə edirdi. Görünən budur ki, bu məsələlərin hər biri S.Osmanqızını çox ciddi surətdə narahat edir. Ancaq bu narahatlıq bir gerçək azərbaycanlının, bir həqiqi vətənpərvərin, bir Vətən təəssübkeşinin keçirdiyi narahatlıqlar sırasından deyil. Sevinc Osmanqızı bu məsələləri Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün gündəmə gətirmədi. O, sadəcə, Azərbaycana qarşı sifariş yerinə yetirirdi.

Bəli, onun səsləndirdiyi qərəzli fikirlər açıq-aydın sifariş xarakterli idi. Laçın yolundakı ekoaksiya, 12-13 sentyabr sərhəd döyüşləri, BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistan “cütlüyü”nün Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdləri, Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizinin indiyə qədər açılmamasının səbəbləri, Qərbi Azərbaycana Qayıdışın dövlət başçısı səviyyəsində anonsunun verilməsi ilə bağlı Sevinc Osmanqızının səsləndirdiyi rabitəsiz, məntiqsiz, ehtimallardan və əsassız iddialardan ibarət fikirləri Azərbaycana qarşı kin, nifrət püskürən erməni blogerlərinin, yutuberlərinin, ekspertlərinin düşmən mövqeyindən heçnə ilə fərqlənmirdi.

Bu qadın xaricdəki “söyüş blogerləri”ndən fərqli olaraq öz verilişini analitik təhlil, ekspert müzakirələri formatında qursa da, lakin onun özünün siyasi savadsızlığı, geosiyasi proseslərdən baş çıxarmaması srağa gün canlı yayımda səsləndirdiyi fikirlərin “həftəbecər”dən başqa bir şey olmadığını ortaya qoydu. Onun Sentyabr döyüşləri, Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdışla bağlı çılğın və nifrət dolu fikirləri məndə dərin təəssüf hissi doğurdu. Onun “məntiq”indən belə çıxdı ki, 12-13 sentyabrda Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan sərhədində bəzi strateji yüksəkliklərə nəzarət etmək imkanını qazanması Ermənistana qarşı “təcavüzkarlıq”dır.

Bu qadın həmçinin 10 noyabr üçtərəfli Bəyanatında Laçın dəhlizinin adının qeyd olunmasını, Zəngəzur dəhlizinin isə adının çəkilməməsini bizim “məğlubiyyət”imiz kimi qələmə verməyə çalışdı. Sevinc Osmanqızı eyni zamanda hər vəchlə çalışdı ki, Xankəndi ermənilərinə Ermənistanla əlaqə saxlamaq üçün Laçın rayonu üzərindən dəhliz verilməsinin günahını da hazırkı hakimiyyətin ayağına yazsın. Ona görə də konfliktologiya üzrə ekspert Arif Yunusdan xüsusi çılğınlıqla dünyadakı digər münaqişələrin heç birində tərəflərdən birinə dəhliz verilməsi hadisəsinə rast gəlinmədiyi halda, ermənilər üçün Laçın dəhlizinin açılmasının memarının kim olduğunu soruşdu. Lakin A.Yunus faktları danmağın mümkün olmadığını görərək bildirdi ki, Laçın dəhlizinin açılması 90-cı illərin əvvəllərinə aiddir və “dəhliz” ideyasını ilk dəfə rəsmi olaraq gündəmə gətirən də məhz 90-cı illərdə amerikalı ekspert Pol Qobl olub. Bu cür danılmaz faktların ortaya qoyulması Sevinc Osmanqızını bu mövzunun üzərindən tələm-tələsik ötüb keçməyə məcbur etdi.

Gələk Qərbi Azərbaycana Qayıdış məsələsinə. Osmanın qızının xüsusi təlaş və həyəcanla toxunduğu məsələlərdən biri də məhz bu məsələ idi. Maraqlıdır ki, xaricdə yaşayan az qala hər bir erməni Şuşanın, Hadrutun və digər ərazilərimizin yenidən işğalına çağırış etdiyi və revanşizmə can atdığı bir halda, ancaq bizim ultra-humanist, ifrat beynəlmiləlçi “soydaşımız” Sevinc Osmanqızı isə Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdışı məsələsinin gündəmə gətirilməsini isə “təcavüzkarlıq”, “işğalçılıq” cəhdi kimi qiymətləndirir. Onun xəstə “məntiq”inə görə bizim bu məsələni gündəmə gətirməyimizi dünya birliyi suveren Ermənistan ərazilərinə təcavüz kimi qiymətləndirə bilər. Bu cür cılız arqument Sevinc Osmanqızının həm də beynəlxalq hüquqdan, konvensiyalardan xəbərsizliyini göstərir.

Sonuncu dəfə 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistandan) kütləvi şəkildə deportasiya olunmuş, 30 ildən çoxdur qaçqınlıq həyatı yaşayan azərbaycanlıların Qərbi Zəngəzura, Göyçəyə, Zəngibasara, İrəvana qayıtmaq təşəbbüsü onların beynəlxalq hüquqda təsbit olunan halal haqqıdır. Sevinc Osmanqızı da əlində olan efir imkanlarından istifadə edərək məhz bu məsələni gündəmə daşımalı, müzakirə predmetinə çevirməli, ictimailəşdirməli idi. Lakin əfsuslar olsun ki, Sevinc Osmanqızı ermənilərdən artıq ermənilik etmək mövqeyindən çıxış edir.

Sözügedən verilişdən sonra ermənilər Sevinc Osmanqızını mükafatlandırsalar, mən buna əsla təəccüblənmərəm. Çünki bir “azərbaycanlı”nın bu qədər qatı anti-Azərbaycan mövqeyindən çıxış etməsi ermənilər üçün həqiqətən də göydəndüşmədir. Ancaq bu da danılmaz bir həqiqətdir ki, bu cür milli satqınlar günün birində hətta düşmənə də lazım olmurlar. Belələrinin “istifadə müddəti” tez ya gec bitir. Ələkrəm Hümbətov kimi satqının, separatçının miskin aqibəti sevinc osmanqızılara görk olmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı

 31 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »