Dünya fars rejimini qəddar rejim kimi qəbul edir

0

Jalə Təbrizi: “İran BMT-də qarşımızı kəsə bilmədi”

İranda 1979-cu il inqilabından sonra hökumət əleyhinə ən uzunmüddətli etirazların 105-ci günüdür. BBC-nin Farsca xidmətindən Parham Ghobadi-yə görə, bu etirazların nəticəsi iranlılar üçün ağırdır. İran İnsan Haqları Fəalları Xəbər Agentliyinə (HRANA) görə, indiyədək 69-u uşaq olmaqla ən az 500 nəfər etirazçı öldürülüb. Yayılan xəbərlərə görə, 2 etirazçı edam edilib, 26 nəfərsə öz edamını gözləyir. İran hakimiyyəti bu etirazlara görə, “xarici qüvvələri” günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.

Əvvəllər də 2017, 2018 və 2019-cu illərdə uzunmüddətli ümummilli nümayişlər İranı bürüsə də, son aksiyalara cəmiyyətin bütün təbəqələrinin qatılması və qadınların “qadın”, “həyat”, “azadlıq” şüarları ilə etirazlara rəhbərlik etməsi prosesləri əvvəlkindən fərqləndirir. Bəzi iranlı məşhur insanlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar. Bu şəxslərdən biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. Əlidoosti hazırda Tehranın məşhur Evin həbsxanasında saxlanılır. Məşhur aktrisa başı açıq fotosunu paylaşaraq gənc etirazçının edamını pisləyib. Ona “Satıcı” filminin rejissoru Əsgər Fərhadi də dəstək olub. İranlı gənc qadınları da hicablarını yandıraraq və ya ölkənin sərt dini qaydalarına məhəl qoymadan etirazların ön cərgəsindədirlər. Gənclərin etiraz üsullarından biri də şiə din xadimlərinə arxadan yaxınlaşaraq başlarından əmmamələrini vurub salmaqdı.

16 yaşlı Ərşiyə Emamqolizadə ötən ay Təbrizdə bu hərəkətinə görə saxlanılıb. 10 gün həbsdə olan yeniyetmə azadlığa çıxdıqdan iki gün sonra intihar edib. Ailəsi onun həbsdə olarkən çubuqlarla döyüldüyü və naməlum dərmanlar verildiyi üçün intihar etdiyini deyir və rəsmi qurumları günahlandırır. İran hakimiyyətinin ailələrə təzyiq göstərdiyi və həyatını itirən nümayişçilərin cəsədləri ilə bağlı onların ailələri ilə “bazarlıq etməyə” – onları susdurmağa çalışdığı iddia edilir.

BBC Farscaya bir mənbə bildirib ki, belə bir təzyiqdən qorxan öldürülmüş etirazçının qardaşı onun meyitini meyitxanadan oğurlayıb və saatlarla şəhəri gəzib. 27 yaşlı Mehran Samakın İranın futbol üzrə dünya çempionatında uduzmasından sonra avtomobilinin siqnalını çaldığına görə öldürüldüyü bildirilir. Həbsdə ölən 23 yaşlı Hamed Salahşorun ailəsi gəncin bədənində dəhşətli işgəncə izlərinin olduğunu bildirib. Bir çox saxlanılan şəxsin müxtəlif işgəncələrə məruz qaldığı bildirilir. İndiyədək iki nəfər etirazlarla bağlı məhkum edildikdən sonra edam edilib. Ölüməməhkum edilənlərin çoxu işgəncəyə məruz qaldıqlarını bildiriblər. Kürdüstan İnsan Haqları Şəbəkəsi qeyri-hökumət təşkilatı edama məhkum edilmiş kürd əsilli iranlı reper Saman Yasinin çərşənbə axşamı intihara cəhd etdiyini bildirib. Hüquq müdafiə qrupu daha əvvəl Yasinə həbsdə olarkən işgəncə verildiyini bildirib.

BBC Farscanın əldə etdiyi audio faylda 26 yaşlı həvəskar bodibilder Səhənd Nurməhəmmədzadənin həbsxanada bir neçə dəfə saxta edamlara məruz qaldığını iddia edir. O, sentyabrın 23-də Tehranda keçirilən etiraz aksiyası zamanı məhəccərləri sökərək magistral yolda nəqliyyatın hərəkətinə mane olmaqda günahlandırılıb, o, bunu təkzib edib. BBC Farsca həmçinin həbsdə olan radioloqun ağciyərini deşərək üç qabırğasının sındığını göstərən rentgen görüntüləri əldə edib. Doktor Həmid Ghare-Hasanlou ölüm cəzası nəzərdə tutan “Yer üzündə korrupsiya” cinayətində təqsirli bilinib. Məlumatlı mənbə Amnesty İnternational-a bildirib ki, doktor Ghare-Hasanlou məcburi “etiraf” almaq üçün işgəncələrə və pis rəftara məruz qalıb.

Ötən gün İranın Hörmüzqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari də həyatını itirib. Hadisə əyalətin Lamərd-Bəstək yolunda baş verib. Məlumata görə, məmurlar “dayan” əmrinə tabe olmadığı üçün minik avtomobilini atəşə tutub.

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Jalə Təbrizi (Fransa) “Xalq Cəbhəsi”nə baş verənlərlə bağlı mövqeyini bildirib. O, qeyd edib ki, İnsan haqları 43 ildir ki, İranda pozulur. Hakimiyyət insan haqlarının pozulmasına etiraz edənlərə zindan, edam və işgəncələrlə cavab verilir: “İran hökuməti illərdir insan haqlarını ayaqlar altına atmaqla öz yerini bərkidib. Uzun illərdir insanlar hakimiyyətdən istəklərini yerinə yetirilməsini, haqlarını, hüquqlarını tələb ediblər. Amma hakimiyyət əvəzində haqqını tələb edəni işgəncələrə məruz qoyub. Bu aksiyalar başlayandan bu günə kimi çoxlu edam olunan, həbsxanaya atılan, işgəncələrə məruz qalan var. 496 nəfərin öldürüldüyü deyilir. Bunlar ya küçələrdə güllələniblər, ya da zindanlarda işgəncələr nəticəsində öldürülüb. Öldürülənlərin 68-i uşaqdır, 18 yaşdan aşağı. Onlar təhlükəsizlik qüvvələri, polislərin əlləri altında öldürülüblər. 18452 nəfər həbsxanaya salınıb. Bu rəqəmlər qat-qat çoxdur, gizlədilir. Cənubi Azərbaycandan 700 nəfərə yaxın etirazçı, dinc sakin həbs edilib. 32 azərbaycanlı ya güllələnib, ya da işgəncə altında öldürülüb. Zindana salınanlar İranda yaşayan etniklərin nümayəndələridirlər – Sistan, Bəlucistan, Kürdistan, Azərbaycan əyalətlərindən olanlardır”.

J.Təbrizi onu da deyib ki, İslam Cümhuriyyətinin Ana Yasasında ölkəsində yaşayan digər azsaylı xalq, millət və etniklərin təklifləri yer almayıb. O sənəddə göstərilir ki, ana dili fars dili ilə yanaşı etniklər də öz dillərində təhsil versinlər. Amma 43 ildə bu istəklər kağız üzərində qalıb. O cümlədən azərbaycanlılıar ana dilində təhsil almaq hüququndan məhrum ediliblər. Bu haqqı, hüququ tələb edən insanların hamısı zindandadır. 15, 8,3 ildir həbs cəzalarına məhkum edilirlər. İndinin özündə də bu hüququ tələb edənlər həbsdədirlər: “İranda yaşayan qeyri-fars millətlər həmişə ayrı-seçkiliyə, basqıya məruz qalıblar, haqları tapdanıb, hüquqları əllərindən alınıb. Azərbaycanlıların mədəniyyəti, dil məsələsi həmişə aktual olub, amma İranın təhlükəsizlik orqanları tərəfindən susdurulub. İran bu haqq və hüququ ölkəsinə təhlükə kimi qəbul edib. Biz həmişə bu məsələləri BMT-də gündəmdə saxlamışıq. İran bizim qarşımızı kəsmək istəyib, iddia edib ki, belə hallar ölkəsində yoxdur, bacarmadı. Amma fakt odur ki, orada yaşayan milyonlarla azərbaycanlının hüquqları pozulur. BMT İranda insan haqlarının pozulması məsələsini hər zaman gündəmdə saxlayıb. Bilirsiz, İranda hüququ pozulan insanlara bir bəhanə lazım idi ki, yenidən aksiyalara başlasınlar. Məhsa Əmininin öldürülməsi onlar üçün bir fürsət oldu ki, bu rejimə qarşı birləşsinlər, haqlarını tələb etsinlər. Artıq haqqı tapdanan İran vətəndaşı dözmür. Onlar bu rejimi istəmir, uşaq, qadın qatili olan rejimə nifrət edir. Qadınlar təcavüzə məruz qalırlar. Aksiyalar hicab, Məhsanın öldürülməsinə etirazlarla başlasa da, aksiyanın masştabı böyüdü. Aclıq, işsizlik , yoxsulluq kimi problemlər də aksiyaların əsas şüarlarından birinə çevrildi. Hicab məsələsi bəhanə idi ki, camaat meydanlara toplansın. Onu da deyim ki, etirazlar təkcə meydan və küçələrdə deyil, həbsxanalarda da baş qaldırdı. İranın paytaxtı Tehran şəhərində Evin həbsxanasında üsyan baş verdi. Narazı məhbuslar “ölüm olsun diktatora” şüarı səsləndirdirlər. Oranı yandırdılar, neçə nəfər orada öldü, yaralandı, onları heç bayıra çıxarmadılar. Tehranın şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı isə bir məhbus ölüb, çox sayda məhbus yaralanıb. Rejim bu kimi hadisələrin üstünü ört-badır etmək istəyir. Amma bunu bacarmır”.

Hüquq müdafiəçisi İranda insan haqlarının pozulması ilə bağlı BMT-nin gördüyü işlərə dı toxunub. Bildirib ki, dünya İranı geridə qalan və insan haqalrını tapdalayan, əzən bir ölkə kimi tanıyır: “Noyabrın 24-də Cenevredə keçirilən BMT İnsan Haqları Şurasının 35-ci sessiyasında İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan 10 maddədən ibarət qətnamə qəbul edib. Həmin sessiyada uşaqların, qadınların, kişilərin öldürülməsi, təcavüz, edamlar, zindanlarda insanlara verilən işgəncələr, hətta yeniyetmələrin edamları müzakirə olundu. ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib. Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir. Həmin missiya İranda bu məsələlərlə bağlı araşdırma aparacaq. Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək. İran indidən qapılarını həmin missiyaya açmayacağını bəyanlayıb. Amma buna məcbur ediləcək”.

Bu yerdə xatırladaq ki, şura sədri və Argentinanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi səfir Federiko Villeqas (Federico Villegas) 3 müstəqil hüquqşünası araşdırma komitəsinə üzv təyin edib. Banqladeş Ali Məhkəməsi hüquqşünaslarından Sara Hüseyn, Uorvik (Warwick) Universitetinin İslam hüququ professoru, Pakistan əsilli Şahin Sərdar Əli ilə Ədalət və Beynəlxalq Hüquq Mərkəzinin (CEJIL) direktoru, argentinalı hüquqşünas Viviana Krsticevic (Viviana Krsticevic) nümayəndə heyətindədir.

J.Təbrizi onu da qeyd edib ki, dekabrın 15-də BMT-nin iqtisadi və sosial məsələlər üzrə şurası İranın qadınların vəziyyəti ilə bağlı komissiyadan xaric edilməsini dəstəkləyib. 29 ölkə qərarın lehinə, Rusiya və Çin də daxil olmaqla 8 ölkə əleyhinə səs verib. ABŞ-ın təşəbbüsü ilə keçirilən səsverməni sərt tənqid edən İran onu qeyri-qanuni adlandırıb. BMT Tehranı qadın hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu pozmaqda və hökumət əleyhinə nümayişləri qəddarlıqla dağıtmaqda ittiham edir: “Bu ən böyük bir zəfər idi ki, İran qadınları qazandılar. Eyni zamanda İranda insan haqları uğrunda mücadilə edənlərin də böyük uğurudur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoni Quterreş də Nyu Yorkda 2022-ci ilin yekunları ilə bağlı konfransda jurnalistlərə açıqlamasında deyib ki, İranda etirazçılara qarşı hakimiyyətin repressiyaları qəbuledilməzdir. “Biz İranda insan haqlarının geniş şəkildə pozulmasının şahidiyik və bunu qətiyyətlə pisləyirik”. Onu da deyim ki, edam ediləcək 26 nəfərin arasında meydanlarda azadlıq tələb edənlər də var. Dünya İranın bu kimi iyrənc cəza üsullarına etiraz edir”.

Xatırladaq ki, sentyabrın 13-də geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda kütləvi nümayişlər başlayıb. Bəzi QHT-lərin məlumatına görə, etiraz aksiyalarının dağıdılması zamanı 500-dən çox insan ölüb, 2 minə yaxın insan həbs edilib. Həmçinin aksiyalarda iştirak edən 11 nəfər edam cəzasına məhkum olunub.

Son məlumatlara görə, dekabrın 26-sı gecə saatlarında İranda etiraz aksiyaları yenidən genişlənib, bir neçə şəhərdə kütləvi nümayişlər keçirilib. Tehran, Kərəc, Məşhəd, Babol, İsfahan və başqa bir neçə şəhərdə keçirilən nümayişlər zamanı İran hakimiyyətinə məxsus simvollar, o cümlədən, Əli Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb. Tehranın Vəliəsr bölgəsində baş tutan aksiyada qadın etirazçılar SEPAH-a tabe “Bəsic” qüvvələrinin yerli qərargahına “Molotov kokteyli” atıblar. Etirazların yenidən alovlanmasına SEPAH-ın Qüds qüvvələrinin komaniri İsmayıl Qaaninin hicabsız və etirazçı qadınları “həyasız”, “əxlaqsız” adlandırması səbəb olub.

İran Prezidenti İbrahim Rəisi dekabrın 27-də Tehran Universitetində “Bəsic” üzvləri və hökumət tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, Hökumət etirazçılar qarşısında geri çəkilməyəcək. “Düşmən”lərə rəhm edilməyəcəyini bildirən Rəisi nəzərdə tutulan plan üzrə addımlar atılacağını qeyd edib: “Bir çox media orqanları cahilliyi yayır. Onların təsirinə düşənlərə qarşı sərt cəza tədbirləri görüləcək”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: “Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.

Yeri gəlmişkən, İranda İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) illik hesabatında bildirilib ki, İranda edam hökmlərinin icrasının sayı ötən illə müqayisədə 88 faiz artıb. Məlumata görə, agentlik cari ildə 267 xəbər mənbəyi tərəfindən yayımlanan insan hüquqlarının vəziyyəti ilə bağlı 13 342 hesabatı toplayaraq təhlil edib.

Bildirilib ki, ötən il ərzində İran vətəndaşları fundamental hüquqlarının kobud şəkildə pozulması ilə üzləşiblər. Təşkilatın hesabatına əsasən, 2022-ci ildə 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olmaqla 501-nin kimliyi müəyyən edilib. Agentlik qeyd edib ki, cari ildə tələblərinin cavabsız qalması səbəbindən 31 əyalətdə qrup halında vətəndaşlar azı 3046 etiraz aksiyası keçirib. Hesabata əsasən, 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 13 dəfədən çox artıb. Buraya son üç ayda mülki, ideoloji və ya siyasi fəaliyyətə görə həbs edilən 23 977 vətəndaş da daxildir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »