Dekabrın 25-də Xankəndinin mərkəzində Kremlin qeyri-rəsmi emissarı, avantürist milyarder Ruben Vardanyanın birbaşa təşkilatçılığı və “sponsor”luğu ilə baş tutan mitinq heç şübhəsiz ki, qeyri-qanuni sayılır. Vardanyan sözügedən mitinqə insanları şirnikləndirmə ilə, məcbur etməklə, vədlər verməklə və bəzilərini isə hətta qorxutmaqla gətirib. Lakin indi bizim əsas vəzifəmiz mitinqə neçə min erməninin cəlb edilməsini ayırd etmək və qarşı tərəflə (xüsusən də erməni KİV-i ilə) bunun mübahisəsini aparmaq olmamalıdır.
Biz hazırda əsas diqqətimizi Vardanyanın necə neytrallaşdırılması və məsuliyyətə cəlb edilməsi məsələsinə yönəltməliyik. Rəsmi Bakının bu araqızışdıranın, təxribatçının barəsində cinayət işi açmaq üçün əlində hər cürə əsasları var. Hesab edirik ki, bu gün bu addımı atmaq üçün əlverişli şərait yetişib. Çünki Ruben Vardanyanın son günlər Qarabağda atdığı qanunsuz addımları onun barəsində cinayət işi açılması üçün zəmin yaradır.
Biz Azərbaycanın suveren ərazilərində quldur kimi dolaşan və insanları separatçı hərəkətlərə, təxribatlara sürükləyən bu cinayətkarı beynəlxalq axtarışa da verə bilərik, fiziki cəhətdən zərərsizləşdirə də bilərik. Bir sözlə, beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində istənilən addımı atmağımız mümkündür.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri