Ukraynada gələn il doğum sayının fəlakətli şəkildə azalması gözlənilir. Ölkə əhalisinin sayı növbəti illərdə 35 milyona qədər azalacaq.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.
“Növbəti doğumda katastrofik eniş gözlənilir və 2030-cu ilə qədər Ukrayna əhalisinin sayının 35 milyona qədər azalması riski var. Arzu edirəm ki, 2030-cu ilə qədər 35 milyon olaq. Təəssüf ki, bu olmaya da bilər. Çünki müharibə davam edir, biz insanlar itiririk. Bunlar təkcə müharibədə ölənlərdən ibarət deyil, həm də stress, yüklənmə, pis qidalanma, tibbi xidmətin olmaması səbəbindən ölənlərdir”, – deyə o bildirib.
Libanova əlavə edib ki, nəsillərin sadə bərpası üçün bir qadın həyatı boyu “2,13 -2,15 uşaq dünyaya gətirməlidir”. Onun sözlərinə görə, 2021-ci ildə bu rəqəm 1,1, hazırki ildə isə daha azdır.
Qeyd edək ki, Ukrayna hökumətinin rəsmi məlumatına görə, 1 yanvar 2022-ci ildə ölkə əhalisinin sayı 41 milyon 167 min 336 nəfər təşkil edib.