Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ötən gün Xankəndidə aksiya keçirib. Vardanyanın “müşaviri” Artak Beqleryan “izdihamlı mitinqə” 60-70 min insanın toplaşdığını iddia edib və bildirib ki, bu fakt Azərbaycanın “Qarabağda heç 40 min erməni də yoxdur” sözlərinə cavabdır. Guya Qarabağda 120 min erməni icması varmış və onun da 70 mini aksiyaya çıxıbmış.
Axar.az xəbər verir ki, “Faktyoxla” fakt-yoxlama laboratoriyası mitinqə çıxanların sayını araşdırıb.
Araşdırmada açıq ərazidə insanların sayını hesablamağa imkan verən “Mapcheking” sistemindən istifadə edilib. Erməni mənbələrində yerləşdirilən foto və video materiallar əsasında sistem hesablayıb ki, Xankəndidəki aksiyada meydanının sağ və sol tərəflərində etirazçıların sıxlığı kifayət qədər azdır (hər kvadratmetrə 0,7 nəfər) və burada meydanın uzunluğunu da nəzərə almaq lazımdır. Sahənin üzərinə uzanan parça (220X7 metr) və qarşısındakı boş yer kvadratmetr başına ortalama iki adamın sığacağını göstərir.
“Mapcheking” tərəfindən hesablanmış ümumi nəticə göstərir ki, meydana 17.581 nəfər toplaşıb.
“Erməni mənbələri yenə də İrəvanın tərəfdarları olan separatçıların sayını xeyli şişirdiblər”, – məlumatda deyilir.
Qeyd edək ki, ötəngünkü mitinqdə Xankəndi və ətrafda yaşayan müəllimlər, tibb işçiləri, digər işlərdə çalışanlar cəlb edilib, onlardan öz övladları və ailə üzvləri ilə gəlmək tələb edilib. Həmçinin rus sülhməramlıların nəzarətində olan digər rayonlardan gələnlər üçün avtobuslar ayrılıb, öz maşını ilə gələnlərə isə 8 litr yanacaq verilib.
Ən əsası isə mitinqin izdihamlı alınması üçün Qarabağ bölgəsindən hələ də çıxarılmayan Ermənistan hərbi birliklərinin əsgərlərindən, o cümlədən qanunsuz silahlı birləşmə üzvlərindən mülki paltar geyinərək, aksiyaya qoşulmaları tələb olunub. Buna baxmayaraq, bəzi silahlılar və hərbçilər hərbi formada mitinqə qatılıblar və bu da kameralara yaxalanıb.
İştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar vəd edilib.
Eyni zamanda, Rusiyadan qaçıb, Xankəndiyə sığınan milyarder Ruben Vardanyan mitinqin təbliğinə də külli miqdarda vəsait xərcləyib: mitinq meydanından canlı yayım etmələri üçün ərazidə internet pulsuz olub, bəzi beynəlxalq agentliklərlə reklam müqaviləsi imzalanıb. Təsadüfi deyil ki, aksiyadan dərhal sonra “Avronyus” mitinqdən reportaj yayıb.