Paşinyan sülhdən qaçır, Rusiyaya meydan oxuyur…

0

Sözsüz ki, burada Ermənistanın öz maraqları var. Ermənistan bu ilin avqust-sentyabr aylarından etibarən öz mövqeyini dəyişdirib. Əgər öncə rəsmi İrəvan sülh müqaviləsindən, müqaviləyə hazırlıqdan daha çox bəhs edir, görüşlərə qatılırdısa, hazırda xüsusi taktika işlədərək neqativ bir ab-hava yaradıb.

Bu sözləri Axar.az-a Ermənistanın Rusiyada keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin görüşündən imtina etməsi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi Ermənistanın danışıqlar məsələsində sərgilədiyi neqativ mövqenin Rusiyanın Vardanyan addımına cavab olduğunu bildirib:

“12-14 sentyabr tarixində şərti sərhəddə törətdiyi təxribatdan sonra yerinə oturdulan Ermənistanda neqativ əhval-ruhiyyə daha da gücləndi. Faktiki olaraq sülh haqqında danışıqlar sıfra endi. Sonradan Ruben Vardanyan amili də prosesə əlavə mənfi fon gətirdi. Paşinyan hakimiyyəti də Vardanyan kartından ehtiyat edir. Çünki o da Vardanyanın Qarabağa göndərilmə məqsədindən xəbərdardır. Vardanyan Qarabağda hansısa siyasi oyunlar ilə nüfuz qazanaraq Ermənistanda seçkilərdə iştirak edib Paşinyanın yerinə hakimiyyətə gəlmək istəyir. Ona görə də Paşinyan ölkədə Rusiyanın dayaqlarını sarsıtmaq üçün davamlı addımlar atır, rus sülhməramlıların fəaliyyətini açıq və sərt şəkildə tənqid edir. Beləliklə, dünyaya rəsmi Moskvanın öz missiyasının öhdəsindən gələ bilmədiyi göstərilir, ABŞ-dan, Avropa və BMT-dən hansısa missiyaların bölgəyə göndərilməsi üçün zəmin hazırlanır. Lakin bütün hallarda Azərbaycanın rəsmi icazəsi olmadan ölkəmizin ərazisində hansısa beynəlxalq missiyanın fəaliyyət göstərməsi mümkün deyil. Amma çağırışın özü Ermənistanın Rusiyanın nüfuzuna vurduğu zərbədir”.

Ekspert bildirib ki, Rusiyanın Vardanyan gedişi onun özünə qarşı yönəlib:

“Vardanyan bölgəyə göndərilməməli idi. Çünki onun bölgədə olmasına və separatçılarla birləşməsinə Azərbaycan qəti surətdə etiraz edir. Ermənistandakı hakimiyyət isə Vardanyanın onun üçün tələ olduğunu bilir. Rusiyanın atdığı səhv addımın nəticəsi ortadadır, həm nüfuzu azaldı, həm də bölgədəki dayaqları sarsıldı”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »