Bayden Zelenskinin bu səfərini gözləyirdi. Yəqin ki, səfər çərçivəsində qarşıdakı mərhələdə Ukraynanın sərgiləyəcəyi mövqe və Qərbin edəcəyi yardımlar müzakirə edilir.
Bu sözləri Axar.az-a Zelenskinin ABŞ-a səfəri və Ukraynaya “Patriot” HHM sistemlərini verməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik Rusiyanın ABŞ-ın “Patriot” həmləsinə verə biləcəyi mümkün cavab ehtimallarından bəhs edib:
“Rəsmi Vaşinqton Kiyevə əvvəldən “Patriot” HHM sistemlərini verəcəyini elan etdi, Moskva isə buna şiddətli şəkildə cavab verəcəyini bildirdi. Lakin Rusiya “şiddət” sözünün altında nələrin olduğunu açıqlamadı. Təbii burda ilk ağla gələn məsələ nüvə silahından istifadədir. Nüvə silahından istifadə ilə bağlı əvvəldən aparılan müzakirələrdə bunun ancaq Rusiyanın beynəlxalq aləm tərəfindən tanınan ərazisinə qarşı işğal cəhdləri halında ola biləcəyi qeyd edildi. Dolayısı ilə “şiddətli cavab” sözünün altında eyni anda Ukraynanın bir çox şəhərinin raket atəşə tutulması, yaxud Donbasda hücumların genişləndirilməsi, yaxud müəyyən hazırlıqlar ilə yenidən ölkənin şimalına, yəni Kiyevə tərəf hücum üçün ikinci cəbhənin açılması planı ola bilər. Çünki Rusiya öncədən qismən səfərbərlik edib, həm də Ukrayna müharibəsi üçün bölgəyə göndərilən qatarlarda yenidən T-80 tankları da görünməyə başladı. Lakin hazırki vəziyyəti, bununla yanaşı qarşıdan gələn qış mövsümünü nəzərə alsaq, “Patriot”ların Ukraynaya verilməsi ilə Rusiyanın ciddi çətinliklərlə üzləşəcəyini deyə bilərik”.
Akyar Polşa, Rumıniya kimi ölkələrin də əllərində olan keçmiş SSRİ istehsalı olan bütün növ silahları və HHM sistemlərini Ukraynaya yardım kimi göndərdiklərini qeyd edib:
“Bəs Ukraynaya təkcə “Patriot”ların verilməsindənmi söhbət gedir? Əlbəttə ki, yox. Burada başqa alternativlər də var. Yunanıstan da mövzu ilə bağlı bir neçə dəfə üstüörtülü açıqlamalar verdi. Hazırda Yunanıstanın əlində Kipr Respublikasının əvvəlcədən aldığı S-300 sistemləri var və onları Krit adasında saxlayır. Türkiyə S-300 sistemlərinin Kipr Respublikasına verilməsinə çox kəskin şəkildə etiraz etdiyinə görə, qarşı tərəf onları Yunanıstana təhvil verməli oldu. Hətta ABŞ və İsrail orduları Krit adasındakı müəyyən fəaliyyətlərinə bəzən S-300 sistemlərini də daxil edirlər. Yunanıstan da bəhs etdiyimiz sistemləri Ukraynaya göndərib.
Əslində Ukrayna müharibəsinin Şərqi Avropadakı keçmiş SSRİ ölkələrinə öz silahlarını yeniləməsi baxımından da faydası oldu. Belə ki, Polşa, Rumıniya və Bolqarıstan kimi ölkələr əllərində olan keçmiş SSRİ istehsalı HHM sistemlərini NATO-nun müasir sistemləri ilə inteqrasiyasında problemlər yaşayırdılar. Adını çəkdiyimiz ölkələr və indi də Yunanıstan SSRİ istehsalı olan bütün silahları, zirehli texnikanı, HHM sistemlərini Ukraynaya yardım kimi göndərməklə əvəzində ABŞ və Avropa mənşəli müasir silahlar, HHM sistemləri almaq imkanı əldə etdilər. Əlbəttə ki, bu həm də NATO-nun işinə yarayır.
İndi bildiyimiz qədərilə Ukraynanın əlində Almaniya və İngiltərədən alınma sistemlər var. “Patriot”lar isə birinci və ikinci Körfəz müharibələrində sınaqdan çıxarılıb. Bəlkə texniki baxımdan qarşılığı hesab olunan S-400-dən heç bir üstünlüyü yoxdur, amma digər sistemlərlə birləşdiyi zaman Rusiyanın çox ciddi itkilər verməsinə səbəb ola bilər. Sözügedən sistemlər əsasən HHM ilə bağlı olduğu üçün onların birgə istifadəsi Rusiyanın Donbasda və ümumiyyətlə bütün Ukraynada hava gücünün zəifləməsinə və geriləməsinə gətirib çıxara bilər. Bir önəmli məsələ də odur ki, ABŞ Konqresində hazırda Ukraynaya 43 milyard dollar yardım paketi qəbul edilib. Digər yardımlarla bərabər ümumi məbləğ təxminən 100 milyard dollar civarındadır. Rusiyanın 2021-ci ildə hərbi büdcəsi 65, 2022-ci ildə isə 80 milyard dollar olub. Tərəflər arasında büdcə baxımından da müqayisə apardığımız zaman müharibənin gedişatı ilə bağlı daha aydın təsəvvür formalaşdıra bilərik. Nəticə olaraq bildirmək istəyirəm ki, ABŞ “Patriot”ları Ukraynaya verəcək və bəlkə də gizli şəkildə artıq verib. Rusiya da qarşılıq kimi Donbas və digər şəhərlərə hücumları daha da sürətləndirəcək, “Patriot”lar isə əsas hədəflərdən birinə çevriləcək”.