Maşallah Rəzmi: “İraqdan “Həşdi Şəbi”, Livanda “Hizbullah” silahlıları aksiyaçıları güllələyir”
İranda vəziyyət getdikcə gərginləşir, fars-molla rejimi haqlarını tələb edən yüzminlərlə aksiya iştirakçısına zor tətbiq etməkdən çəkinmir. Edamların, öldürülənlərin, həbs edilənlərin sayı çoxalır. Aksiya davam edir, molla rejimi isə geri çəkilmək fikrində deyil.
Fransada yaşayan siyasi ekspert Maşallah Rəzmi “Xalq Cəbhəsi”nə müsahibəsində baş verənləri bəşəri cinayət hesab edib.
– Dünya İranda demokratiya, insan haqlarına hörmət, fikir azadlığını nə zaman görəcək.
– İranda 3 ay davam edən etiraz aksiyalarında rəsmi məlumatlara görə, indiyədək 500 insan ölüb, onlardan 51-i uşaqdır. Hələ nə millətin gücü çatır hakimiyyəti yıxmağa, nə hakimiyyətin güçü çatır ki, milləti sakitləşdirsin. İrandakı dava təkcə millətlə hökumətin arasında yox, Şərqlə Qərb arasında gedir. Məlum deyil, hansı hadisə bu döyüşə son qoyacaq. Çinlə Rusiya İranın dalında durub, onu dəstəkləyir. Fikirləşirlər ki, ABŞ-la münasibətlərdə İrandan öz xeyirləri üçün istifadə edə bilərlər. Bu tərəfdən də əgər Qərb ölkələri İranda demokratiya istəyənləri himayə etməsələr, əgər türk dünyası Cənubi Azərbaycanda yaşayanların hüquqlarını qorumasa bunun nəticəsini bu tezlikdə görə bilməyəcəyik. Tarixi təcrübə nişan verir ki, İran inqilabları bir il davam edir. Bu aksiyalar 3 aydır başlayıb, gələn aylarda hansı nəticələr verəcəyini gözləmək lazımdır.
– 44 il İran hakimiyyəti xalqa, ölkəyə nə verdi, nə aldı?
– 1979-dan indiyədək 44 ildir ki, mollalar İranda hakimiyyətdə təmsil olunurlar. Əlbəttə, onun 10 ili Xomeyni hakimiyyəti, İran-İraq davasının ayağına yazılıb. Ondan sonra 33 ildir ki, Əli Xamenei Xomeyninin yerində oturub və bir dini hökuməti orada bərpa edib. 44 il İslam inqilabının təcrübəsi və 33 il Xameninin diktatorluğu iranlılara böyük bir təcrübə verib. O təcrübədə budur ki, bizim dövranımızda dinlə dövləti qatmaq həm dini, həm dövləti nabud etməkdir. Hazırda İranda baş qaldırılan etirazlarda bir cümlə belə dini şüar görmək olmaz. Əksinə, görürük ki, aksiyaçılar Xomeyni, mollalrın evlərini, hətta məscidləri yandırırlar və camaatı din pərdəsi altında xalqa zülm verən bu hakimiyyətə etiraz etməyə çağırır. Millət bu hakimiyyətin əlindən qurtarmaq üçün dini də rədd edir. Millət 44 il dini istibdaddan sonra bu nəticəyə gəlib ki, İslam Cümhuriyyətində islahat imkanı yoxdur və yeni bir hökumət qurulması gərəkdir.
– Qərb fars-molla rejiminin bu azğınlıqlarına göz yumur. ABŞ İraq, Suriya, Livanda keçirdiyi əməliyyatlatını burada keçirmir. Buna görə də bəzən İranın elə ABŞ başda olmaqla Qərbdən idarə olunduğu söylənilir. Bu nə dərəcədə məntiqlidir.
– Bu düzdür ki, bir müddət Qərb ölkələri İslam Cümhuriyyətinin cinayətlərinə göz yumurdular, bəlkə də onu dəstəkləyiblər. Elə Qərb ölkələrinin köməyi ilə İran iş üstə gəlib. SSSR, rus kommunizmin qarşısını kəsmək üçün İranda islami bir hökumət qurmaq, divar çəkmək istəyirdilər. Bunu “Yaşıl divar” adlandırıdılar. Amma İslam Cümhuriyyəti Tehranda ABŞ diplomatlarını girov götürdü, səfirliyi işğal etməklə özünü Vaşinqtona düşmən etdi. Dedi ki, İsrail gərək yer üzündən məhv ola. Buna görə bir müddət vəziyyət dəyişdi. Amma eyni zamanda israillilər İslam Cümhuriyyətinin aradan getməsini istəmirdilər. Çünki İsrailin əsas düşməni ərəblər idi. Fələstin məsələsi ərəb ölkələri ilə İsrail arasında münasibətlərin kəsilməsi, düşmən olmalarına təməl idi. İslam Cümhuriyyəti ifrati şüarlar verməyə başladı. Məsələn, “İsrail xəritə üzündən silinməlidir”. Bu zaman bəzi ölkələr İranın özündən ehtiyat etdilər. İran İraqda, Suriyada, Livanda, Yəməndə müdaxilə etdi, terrorçuları dəstəklədi, onlar İrandan təhlükə hiss etdilər. Ona görə İsraili müdafiə etməyə başladılar. «İbrahim razılaşması» buna misaldır. İndi 44 il İslam hakimiyyətindən sonra Orta Şərqdə siyasət səhnəsi mütlərq dəyişib. İsraillə ancaq İran düşməndir. Ərəb ölkələri İsrail indi İslam Cümhuriyyəti əleyhinə birləşiblər. Bundan sonra İslam Cümhuriyyətinin qalması həm ABŞ-ın, həm İsrailin zərəinə ola bilər.
– İrana tətbiq olunan məlum sanksiyalar ona təsir göstərmədi, səbəblər..
– İrana çoxlu sanksiyalar qoyulub. Əlbəttə, bu sanksiyaların bəzisi nüvə məsələsi, bəzisi terrorizmin himayəsi, bəzisi insan haqlıarının tapdalanması ilə bağlıdır. Demək olar ki, dünyada indiyə kimi heç bir ölkə ABŞ, Avropa, BMT Təhlükəsizlik Şurası tərəfindən İran qədər sanksiya ilə üzləşməyib. Sanksiyaların nəticəsində İran iqtisadiyyatı dağılıb, fəlakətdir. İran hökuməti bir sıra iqtisadi layihələrini həyata keçirə bilmir. Ancaq gizlincə bir az neft satırlar və onun pulu ilə hakimiyyətlərini, terror qruplarının saxlamağa sərf edirlər. Belə bir vəziyyətdə İran hakimiyyəti çox davam gətirə bilməz. İllər boyudur ki, İranda heç bir yeni istehsalat müəssisələri açılmayıb, işsizlik hökm sürür. Bahalıq bir yandan, kasıblıq artır, gənclər ölkədən gedir. Bu sanksiyaların tətbiqinə səbəbi də hökumətdir. İran elə bir xarici siyasət yürüdür ki, hamı ilə düşməndir. Bu düşmənçiliyin qabağında da Qərb ölkələri sanksiya tətbiq ediblər. Hakimiyyətin səriştəsizliyi, bacarıqsızlığı, insanların yoxsulluğu, işsizlik, aclıq, insan haqlarının tapdanması və başqa bu kimi amillər İranın fəlakətlə üz-üzə qoyub. İranda 19 milyon sakinin evi yoxdur. Şəhərlərin kənarlarında taxtadan özlərinə bir daxma qurub orada yaşayırlar, bu dəhşətdir…
– İran niyə və hansı məqsədlərə görə terror qruplaşmaları formalaşdırır, saxlayır. Planları nə ola bilər.
– İranda bir ideoloji ordu var adı SEPAH-e Pasdaran-e İnqilab-e İslami. Bu yararnanda məqsəd bu idi ki, əgər İranda şiə hökuməti iş üstə gətirilibsə, digər islam ölkələrində də bu prosesin həyata keçirilməsinə çalışılsın. Hətta qanunda da SEPAH-ın vəzifəsi bu qaydada göstərilib. Amma bu niyabəti qrupları ki, düzəltdilər, onlara dedilər ki, siz öz məmləkətinizdə çalışın və hökuməti dəyişin, yada orada böyük rol oynayın. Məsələn, Livan, ya Yəməndə onlar böyük rol oynayırlar. Amma eyni zamanda İslam Cümhuriyyəti bunlara deyir ki, hafizi hərəm, müdafie hərəm, birinci vəzifəsi budur ki, öz məmləkətlərində islami inqilab etsinlər, ikinci vəzifə isə İranda islami hökumətin qalmağına yardım etsinlər. Bu etirazlarda insanları öldürmək üçün İraqdan “Həşdi Şəbi” (əsasən şiə müsəlman qruplarından ibarət olan hərbi birləşmə) gətiriblər. Livanda “Hizbullah” silahlılarının gücündən istifadə ediblər. Xüsusən Tehranda aksiyaçılara güllə atan hökumət qüvvələri bir-birləri ilə ərəbcə danışırlar. Bu da onu deməyə əsas verir ki, silahlılar ya “Həşdi Şəbi”, ya da “Hizbullah” üzvləridirlər. Qabaqca hakimiyyətin içində demişdilər ki, əgər iranlılar İslam Cümhuriyyətini saxlamasalar, istəməsələr o zaman biz xaricdəki niyabəti qruplarını gətirəcəyik ki, İranda islam cümhuriyyətini qoruyub saxlasınlar.
– Ukrayna müharibəsində İranın Rusiyaya silah verməsi də onun vəziyyətini pisləşdirib…
– Ukrayna-Rusiya müharibəsinə qarışmaqla İran ən böyük təhlükəli oyuna girib. İndiyə kimi avropalılar İranla yola gəlməyə çalışırdı, İran da ABŞ-la müharibə edəndə onlardan istifadə edə biləcəyinə ümid edirdi. O gün ki, İran Rusiyanın dalında durdu, ruslara dron satdı, indi də söhbət gəzir ki, raket satır, indi Avropa ölkələri İrana qarşı birləşiblər. Avropa Birliyi İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək. Artıq Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, etirazlarla bağlı vəziyyətə və Rusiyaya hərbi məhsullar tədarük etməsinə görə AB İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək. İslam Cümhuriyyəti dünyada tək qalıb, baxmayaraq ki, Rusiya, Çin, Ermənistanla sıx münasibətdədir. Amma Avropada yerləşən Ukraynaya qarşı Rusiyanı silahlandırısa, bu ona baha başa gələcək. İran əgər əvvəllər Orta Şərqdə təhlükə yaradırdısa, indi Avropada yaradır. İranın varlığına son qoyulması prosesi sürətlənə bilər.
– İran nüvə silahına sahib çıxarsa…
– İran nüvə silahı düzəltmək istəmədiyini iddia edir. Amma ifratçı qüvvələr deyir ki, İran tez bir zamanda bu silaha sahib çıxa bilər. Bunu ayırd etmək olmaz ki, həqiqətdir, yoxsa cəfəng. ABŞ və İsrail bəyan edib ki, heç vaxt İranın nüvə silahına sahib çıxmasına imkan verməzlər. İran hakimiyyəti daxilində də bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Bir tərəf deyir ki, İran xarici təhdid və təhlükədən qorunmaq üçün nüvə silahı əldə etməlidir. Digər tərəf isə deyir ki, İran xaricdən yox, daxildən təhdid edilir. Nüvə silahını millətinə tətbiq edə bilməz. SSRİ-nin nüvə silahı ABŞ-dan çox idi, millətinə tətbiq edə bilmədi, imperiya dağıldı. Ona görə də İran xarici təhdidi bəhanə və əsas götürüb nüvə silahnına sahiblənmək fikrindədir.
– Fars-molla rejimi nə vaxt hakimiyyəti təhvil verəcək, nə zaman hakimiyyətə demokratik fikirli insanlar gələcək, hakimiyyətdə başı əmmaməli mollaların sonu nə vaxt gələcək?
– Bu 44 ildə mollalar və molla rejimindən bəhrələnib milyarder olanların hamısı milləti əzməkdə böyük rol oynayıblar. Hamısının da əli qana batıb. Fikirləşirəm ki, bu hakimiyyət rahat və sülh yolu ilə hökuməti təhvil verməyəcək. Hakimiyyətin içində bir sıra cinayətkar insanlar var ki, öz postlarını qorumaq üçün minlərlə insanın öldürülməsinə razıdırlar. Noyabrın 14-də BMT İnsan haqları Şurası İranla bağlı təcili bir iclas çağırdı. İnsan Haqları Şurası İslam Respublikasının iranlıların inqilabi qiyamını yatırtması ilə bağlı xüsusi iclasında İranın etirazları ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib. Molla rejiminin əlindən zülm çəkənlər ora müraciət edə bilər. O zaman İran hakimiyyətində təmsil olunub xalqa zülm edənlər Beynəlxalq Məhkəməyə verilə bilər. Düşünürəm ki, o zaman mollaların hakimiyyətinə də son qoyula bilər.