Yücel Karauz: “Qürurumuz dosta güvən, düşmənə qorxu yaradır”

0

Ötən gün İranla sərhəd – Astara, Cəbrayıl və İmişli rayonlarında Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adı altında birgə təlimləri keçirilib. Cənub sərhədində keçirilən bu təlim daha öncə keçirilən əməliyyatlardan bir qədər fərqlidir. Yerli hərbi ekspertlərin fikrincə, Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adlı birgə hərbi təlimi antitürk qüvvələrə hərbi-siyasi mesajdır. Bu təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regionda sülh və təhlükəsizliyin təminində nə qədər qərarlı olduğunu göstərir. “Qardaş yumruğu” təlimi hər şeydən əvvəl Azərbaycanla Türkiyə arasında hərbi sahədə genişlənməkdə olan əlaqələri əks etdirir. Bu təlimlər göstərir ki, iki dövlət arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymaqdadır.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz da “Xalq Cəbhəsi”nə verdiyi qısa müsahibəsində qeyd edib ki, “Qardaş yumruğu” təlimi iki dövlət əleyhinə olan qüvvələrə qarşı birgə hazırlığı, döyüş təcrübəsidir.

– Hər iki ölkənin birgə hərbi təlimləri həm hərbi, həm siyasi məqsəd daşıyır. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq 1992-ci ildən başlayıb. O vaxtdan bu vaxtadək bu əməkdaşlıq həm hərbi, həm də siyasi sahədə uğurla davam edir. Bu bir bayramdır, əslində iki ölkənin silahlı qüvvələrinin müştərək hərbi təlimə imza atması, bütün qoşun növlərinin koordinasiyalı formada yüksək, nizamlı səviyyədə iştirakı önəmlidir. Dünyanın 13-cü, NATO-nun 2-ci ən güclü ordusuna malik Türkiyə ilə Qarabağ Zəfərin türk dünyasına hədiyyə edən Azərbaycan Ordusunun ən yüksək səviyyədə hərbi təlim keçməsi çox qürurvericidir. Təbii ki, bu qürur dosta güvən, düşmənə qorxu yaradır. Bu, 2013-cü ildən başlayan Azərbaycan Türkiyə hərbi təlimlərinin möhtəşəmidir. Bunun bir bənzəri İkinci Qarabağ savaşından öncə, 2020-ci ildə olub. Təlimlərin bu səviyyədə uğurla başa çatması bir millət, iki dövlət tək ordu, tək güc kimi dəyərləndirilməlidir.

– İki qardaş ölkənin birgə hərbi təlimi türkün düşmənlərinə, xüsusilə, qonşu İranı da təşvişə salıb…

– Bu təlimlərin siyasi tərəfinə baxdıqda, xüsusilə İran sərhədində keçirilməsi, Azərbaycana barmaq silkələyən, onun daxili işlərinə qarışan, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı dəstəkləyən İrana ciddi mesajdır. İran Azərbaycana qarşı barmaq silkələyə bilməz, artıq Bakının təhlükəsizliyi Ankarada, Ankaranın təhlükəsizliyi Bakıdan keçməkdədir. Eyni zamandan Lənkəranın, Masallının, İmişlinin də təhlükəsizliyi Ankaradan, Naxçıvanın təhlükəsizliyi İqdırdan, İqdırın təhlükəsizliyi Naxçıvandan keçməkdədir. Bu mesajı İran, Ermənistan, Fransa, elə Rusiya da almalıdır.

– Artıq Azərbaycan ordusu da NATO standartlarına uyğunlaşıb, desək yanılmarıq.

– Əlbəttə elədir. Burada təbii ki, Türkiyə ordusunun NATO təcrübəsi, Türk ordu modelinə keçən Azərbaycan Ordusu, ortaq təlimlər, hərb sahədə ortaq koordinasiyalı atılan addımlar böyük səviyyəyə çatmaq deməkdir. Azərbaycan İkinci Qarabağ savaşından sonra quru qoşunlar komandanlığını, komanda birliklərini yaratmaqla türk ordu modelinə keçməsi mərhələlərini tamamlayıb. Bu da Azərbaycan Ordusunun Qafqazda və bölgənin ən güclü ordusu olmasını əsaslandırıb. Dolayısı ilə bu gücün nümayiş etdirilməsi bizə qürur verib. Biz bu qüruru şəhidlərimiz və qazilərimizi sayəsində yaşayırıq. 2013-cü ildən 2020-ci ilədək hər səviyyədə, havada, quruda, suda birgə təlimlər həyata keçirildi. Zəfərin ayaq şəşləri olan 2020-ci ilin təlimlərinə isə F-16-lar qatıldı. Bu təlimlərdə də müasir silahlardan istifadə olundu. Bu təlimdən sonra Azərbaycan Ordusu öz gücü ilə işğalçı Ermənistan üzərində qələbə qazandı. O gündən bu günədək, Zəfər paradında da prezident Azərbaycan hərbi qüvvələrinin türk ordu modelinə keçdiyi fikrini səsləndirdi. Sonra Şuşa Bəyannaməsi imzalandı, bu sənəd NATO-nun 5-ci maddəsi kimidir. Bu maddəyə görə bir NATO üzvünə edilən hücum bütün alyansa edilən hücum deməkdir. Şuşa Bəyannaməsi də Azərbaycan və Türkiyə qardaşlığı bir müttəfiqlik səviyyəsinə gətirib. Azərbaycana barmaq silkələmək Türkiyəyə barmaq silkələmək deməkdir. Azərbaycan torpağına göz qoyan Türkiyə torpağına göz qoymaq deməkdir. Azərbaycan bə Türkiyə Prezidentlərinin “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təliminin uğurla başa çatmasından sonra telefonla ölkələrin ordu şəxsi heyətini təbrik etməsi və xoş sözləri hər iki ölkənin qardaşlığının əbədi olduğunun göstəricisidir.

– İki qardaş ölkənin hərbi müttəfiqliyi bölgəyə nə kimi mesajlar verir?

– Türkiyə və Azərbaycan bölgədə, regionda sülh və barış gətirmək üçün dostdur, qardaşdır. Heç bir ölkənin ərazisində gözümüz yoxdur. Biz sadəcə öz torpaqlarımıza göz dikənin gözünü çıxarmaq üçün gücümüzü, qardaşlığımızı ortaya qoymuşuq. Məqsədimiz bu bölgəyə sülh gətirmək, əmin-amanlığı, eyni zamanda ölkəmizi işğalçılardan qorumaqdır. Xocavənddə qoyulan “Dəmir yumruq” abidəsi əslində sülh rəmzidir, eyni zamanda torpaqlarımıza əl qoyanların əlini sındırmaq, göz dikənlərin gözünü çıxarmaqdır. Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasını hərəkətə gətirib. İstanbul zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə Türk Şurası, Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevrildi. Səmərqənd görüşü isə göstərdi ki, artıq dünyanın yeni güc mərkəzlərindən biri formalaşmaqdadır. Dünya Azərbaycan və Türkiyənin türk dünyasında lokomotiv rolunu gördü, Türk dünyasının həmrəyliyinin şahidi oldu. Türk dövlətlərinin dünya siyasətinə təsir edə biləcək mərkəzi formalaşıb. Təbii ki, bu da Avropa və okeanın o tayındakı bəzi ölkələrin narahatlığına səbəb olub. Bizim qorxduğumuz heç nə yoxdur. 300 milyonluq türk dünyasının qardaşlığı və dostluğu yalnız sülhə və barışa hesablanıb. Düşmənlərimizə qarşı da bir yumruğuq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »