“İran aqressiv davamlı təxribatları ilə bölgədə sabitliyə daim təhdid yaradır”

0

Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimləri İrana mesaj və ya güc nümayişi deyil. Amma İran tərəfi bunu məhz özünə qarşı ünvanlanmış mesaj kimi dəyərləndirirsə, lap yaxşı, qoy dəyərləndirsin və bundan sonra anti-Azərbaycan siyasətinə son qoysun, ölkəmizə qarşı münasibətinə çəki-düzən versin.

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməyə məcburdur və bizi buna məcbur edən ölkələrdən biri də İran İslam Respublikası adlandırılan şər yuvasıdır. İran özünün aqressiv, qeyri-dost siyasəti ilə, davamlı təxribatları ilə bölgədə sülh və sabitliyə daim təhdid yaradır. Bu ölkə gah sərhədlərimiz boyunca ard-arda hərbi təlimlər keçirir, gah diplomatların, deputatların və SEPAH generallarının ağzıyla bizi hədələyir, gah da Qarabağa diversantlar göndərir, Xankəndidəki erməni separatçılarına bu və ya digər formada dəstək verir.

Bütün bunlar onu göstərir ki, İranın normal qonşuluq siyasəti yürütmək niyyəti yoxdur. Ona görə də biz qardaş Türkiyə ilə birgə səylər əsasında fars-molla rejiminin şər siyasətinə qarşı sipər çəkməyə məcburuq. Bu baxımdan, iki ölkənin birgə hərbi təlimləri bilavasitə Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xidmət edir.

Mollaları ağıllandırmağın, onları reallıq hisinə qaytarmağın başqa yolu yoxdur. Sərhədlərimizdə təlim keçirən, Arazın üzərindən panton körpü salan bir ölkəyə eyni qayda ilə cavab verdik ki, rəsmi Tehran həddini bilsin və bundan sonra bir daha ölkəmizə qarşı məkrli addımlar atmağa cəhd göstərməsin. Ermənistanı “Dəmir yumruq”la necə əzmişiksə, İranı da “Qardaş yumruğ”u ilə haqq yoluna gətirə bilərik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »