Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşlarının ötən gün Rusiya “sülhməramlı”ları ilə 3 saatlıq müzakirələr nəticəsində Laçın dəhlizində “tıxac” yaratması və daha sonra “sülhməramlı”ların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsinə dair danışıqlar aparması şübhəsiz ki, separatçılarda qorxu yaratmaqla bərabər, həm də onlara havadarlıq edən ölkələrə, o cümlədən Fransa, Rusiya və İrana da yaxşı düşünülmüş bir mesajdır.
Yəni ki, məsələ təkcə ermənilərin qızıl yataqlarımızı qeyri-qanuni şəkildə istismar etməsini və ekologiyamıza vurduqları ziyanı dayandırmaqdan ibarət deyil. Əsas mesaj budur ki, Azərbaycan dövləti bu ərazilərdə öz yurisdiksiyasını bərqərar etməyə, suverenliyini bərpa etməyə, dövlət institutlarının işləkliyini təmin etməyə başlayır. Bunun ardınca isə vaxtilə Xankəndi, Xocalı və digər ərazilərimizdən didərgin salınmış azərbaycanlıların öz evlərinə qayıdışına start veriləcək. Həmçinin, Laçın yolunun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsi və sərhəd-gömrük postlarımızın qurulması da yaxın hədəflərimiz sırasındadır.
Hələlik isə bütün bu proseslərə Ağdərə rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən Qızılbulaq yataqlarınının ekoloqlarımız və dağ-mədən mütəxəssislərimiz tərəfindən monitorinq edilməsi ilə start verilib. Bu isə bizə sözügedən yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni separatçı rejimin iqtisadi əsaslarını sarsıtmaq imkanı verəcək. Əla başlanğıcdır. Mükəmməl düşünülüb.
Bu o deməkdir ki, rəsmi Bakı Rusiya “sülhməramlı”larının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizi separatçılardan və Ermənistan ordusunun qalıqlarından antiterror əməliyyatı keçirmədən də təmizləyə bilər. Bunun üçün “yumşaq güc” metodlarının tətbiqi də kifayət edir. Dünən baş verən “ekoloji” əməliyyatı da məhz “yumşaq güc” metodlarından biri kimi dəyərləndirə bilərik. Dövlətimizə uğurlar!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri