İran erməniləri – avtoritar ölkənin “azad vətəndaşlar”ı

0

İrandakı etirazlar fonunda bütün ölkə əhalisinin etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq nümayişlərə qatılması, sərt tədbirlərə, edam təhlükəsinə rəğmən, bir gənc qızın – 22 yaşlı Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə ölməsinə nümayişkəranə şəkildə səsini ucaltmasına dünyanın dörd bir yanından dəstək gəlsə də, ermənilər demokratik dəyərləri ayaqlar altına alaraq, “molla rejimi”nin müdafiəsinə qalxdı.

Qəribə görünsə də, İrandakı azlıqlardan olan xristian icması yerli hakimiyyəti dəstəkləyən bəyanatla çıxış edərək, günahsız gəncin öldürülməsinə haqq qazandırmış oldu. Əlbəttə, erməni icmasının Qərb ölkələrinin ziddinə getməsi səbəbsiz deyil və bu addımın kökündə fars rejiminin erməni sevgisi dayanır.

Erməni icmasının yaydığı bəyanatlarda bildirilib ki, son zamanlar İranda baş verən iğtişaşlar ölkə vətəndaşlarının ölümünə, ictimai asayişin, təhlükəsizliyin pozulmasına gətirib çıxarıb və ermənilərin ciddi narahatlığına səbəb olub. Həmçinin əlavə olunub ki, ölkənin təhlükəsizliyini qoruyub saxlamaq üçün baş verənlərdə təqsirkar olanlar məsuliyyətə cəlb edilməlidir.

İranda iki aydır davam edən aksiyalarda dinc sakinlərin əsas tələbi ölkədə insan hüquqlarının təmin olunması, azad cəmiyyətin qurulmasıdır. İllərlə amansız təqiblərə, həbslərə məruz qalan İran vətəndaşlarının azad haqlarını tələb etməsinə qarşı çıxan erməni icmasının qeyri-insani mövqeyi şübhə doğurur və onların səbəbsiz yerə belə addımlar atması xüsusilə diqqət çəkir.

Bütün etnik qrupların milli hüquqlarından məhrum qaldığı İranda imtiyazlı sekta – avtoritar ölkənin azad vətəndaşlarının belə addım atması nədən qaynaqlanır?

Polietnik tərkibi ilə seçilən İran əhalisi fars, türk, kürd, ərəb, bəluc, gilək, lor, aysor, erməni və s. qruplardan ibarətdir. Nə hikmətdirsə, digər xalqların öz dilində təhsil almaq, mətbuat orqanları yaratmaq, mədəniyyət və incəsənət qurumları təsis etmək hüququ yoxkən, ermənilərin nəinki orta məktəbdə, hətta uşaq bağçalarında, eləcə də ali təhsil pilləsində – universitetlərdə də öz dilində oxumaq imkanları təmin edilir. Bundan başqa, İranda erməni dilində bir neçə qəzet və jurnal dərc olunur. Eyni zamanda erməni icmasına məxsus mədəniyyət ocaqları fəaliyyət göstərir.

Sayı 30 milyon civarında olan türklərin, eləcə də tarixən İranda yaşayan digər böyük etnik qrupların (8 milyon kürd, 5 milyon bəluç, 1.2 milyon ərəb və s.) belə hüquqları olmadığı halda, erməni icmasına bu cür şəraitin yaradılması İran hakimiyyətinin ikili yanaşmasından xəbər verir.

Onu da bildirək ki, rəsmən islam ölkəsi olan İranda digər dini icmalara, nəinki xristian aysorlara, hətta islamın digər məzhəblərinə etiqad edən ölkə vətəndaşlarına tanınmayan hüquqlar İran erməniləri üçün əlçatandır və onlar rahatlıqla dini ayinlərini icra edir, kilsələrdə müxtəlif toplantılar keçirə bilirlər. Fərdi azadlıqlar və insan hüquqları ilə bağlı təkcə azlıqların yox, bütün İran əhalisinin sıxıntıları olsa da, bu mövzuda ermənilərə sərbəstlik verilib. Ermənilərin təşkil etdiyi eyş-işrət məclislərinə, içkili yığıncaqlara göz yumulur. Bu azmış kimi, erməni qadınları üçün hicab qadağası digərlərinə nisbətən formal xarakter daşıyır.

Siyasi hüquqlar və ictimai iştirakçılıq məsələlərində də İrandakı erməni icmasına xüsusi şərait yaradılıb. Belə ki, əsasən Tehran və İsfahanda olmaqla, İranın müxtəlif ostanlarına səpələnmiş, tarixən tacirliklə məşğul olan və sayları müxtəlif qaynaqlarda 100 min, ən çox 200 min nəfər civarında qeyd olunan ermənilərin İran parlamentində təmsilçiliyi saya nisbətdə xeyli genişdir və bir neçə erməni deputat İran qanunverici orqanının mandatını daşıyır.

İrandakı erməni icması üçün sərbəst qaydada diaspor fəaliyyəti aparmaq imkanları yaradılıb. İran erməniləri hər il qondarma “erməni soyqırımı”nın ildönümündə sərbəst toplaşma azadlığının olmadığı ölkədə müxtəlif tədbirlər keçirə bilir, böyük şəhərlərdə aksiyalar təşkil edirlər. Bu aksiyalarda İranın sözdə “din qardaşı”, “yaxşı qonşu”, “dost ölkə” adlandırdığı Türkiyə əleyhinə şüarlar da səsləndirilir və bütün bunlar İran hakimiyyətinin susqun razılığı ilə müşayiət olunur.

Təsadüfi deyil ki, yerli ermənilər İranın sabiq prezidenti Mahmud Əhmədinejadı “ən yaxın dostları” adlandırırlar.

Bir neçə il öncə “Azadlıq radiosu”na müsahibə verən erməni icmasının nümayəndəsi, o vaxtlar İran parlamentinin deputatı olmuş Corc Vartan da İranda erməni azlığı üçün xüsusi imtiyazların olduğunu etiraf etmişdi.

“Bizim İranda vətəndaş hüququ baxımdan heç bir problemimiz yoxdur. Parlamentdə nümayəndələrimiz təmsil olunur, özümüzə məxsus məktəblərimiz var. Məsələn, Tehranda sırf ermənilər üçün 23 məktəbimiz var, İranın ermənilərin yaşadıqları bütün regionlarında kilsələrimiz fəaliyyət göstərir. Öz mədəniyyətimiz və adət-ənənələrimizi sərbəst şəkildə həyata keçiririk. Ümumiyyətlə, insan haqları və vətəndaş hüquqları baxımından problemimiz yoxdur. Bizim övladlarımız uşaq bağçasından universitetədək erməni dilində təhsil alırlar. Məktəblərdə uşaqlarımız erməni ədəbiyyatı, tarixi ilə tanış olurlar. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilərlər”, – deyə erməni deputat söyləmişdi.

Bundan əlavə, C.Vartan ermənilərin sosial sahənin digər sferalarında da geniş imkanlara sahib olmasından söz açmışdı: “Hazırda “Ararat” adına İranın ən böyük idman komplekslərindən biri ermənilərə məxsusdur. Tehranda bundan əlavə 30 assosiasiya, təşkilat və digər ictimai birliklərimiz var”.

İranın ermənilərə bu münasibətini təkcə yerli erməni icmasına qarşı yox, həmçinin Ermənistan dövlətinə qarşı da müşahidə etmək mümkündür. Deyə bilərik ki, SSRİ-nin dağılması ilə müstəqil olan Ermənistanın İranla ilk dövrlərdən bəri isti münasibəti olub və indi də davam edir. İran Ermənistana bu illər ərzində hər mənada dəstək verib, iqtisadi, sosial, siyasi və humanitar baxımdan həmişə İrəvanın yanında yer alıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə işğalçının Türkiyə və Azərbaycan tərəfindən iqtisadi baxımdan təcridi siyasəti yürüdülərkən, İran Ermənistan üçün nəfəslik rolunu oynayıb.

İkinci Qarabağ müharibəsində Rusiya silahlarının İran ərazisindən Ermənistana daşınmasına şərait yaradılması da gözdən qaçmadı. 44 günlük müharibədən sonra İranın Ermənistanla münasibətləri baxımından əvvəllər bilinməyən bəzi gerçəkliklər üzə çıxdı. Azərbaycanın Qubadlı rayonu ərazisindən keçən Qafan-Gorus yolunun bir hissəsinə nəzarət təmin olunduqdan sonra buradan keçən İrana məxsus yük maşınlarından separatçılarla ticarət əlaqələrinə dair sənədlər tapıldı. 10 noyabr üçtərəfli bəyanatında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin qurulması barədə müddəalar əks olunsa da, İran bu sənədə imza atan Ermənistandan daha çox narazılığını ifadə edərək, Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Habelə rəsmi Tehran dəhliz məsələsinin reallaşmasını özünün “qırmızı xətt”i elan edib və təxribat məqsədilə Azərbaycan sərhədlərində hərbi təlimlər keçirib. İranın ermənipərəst mövqeyi və qonşu ölkədən səslənən hədə mesajları Azərbaycan rəhbərliyinin haqlı etirazlarına səbəb olub və Bakı ilə Tehran arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb.

Təmaslarda soyuqluğun davam etdiyi bir məqamda İranın Qarabağ müharibəsində Ermənistanla və “ASALA” terror təşkilatının nümayəndələri ilə necə əməkdaşlıq etməsinə dair sensasion məlumatlar yayılıb. Belə ki, İranın terrorçu Monte Melkonyanla əlaqələri, Azərbaycan ərazilərinin işğalı ilə bağlı hazırlanan əməliyyatdan xəbərdar olmaları və digər təxribat planları üzə çıxıb. Terror qruplaşmasının keçmiş üzvü Martiros Jamkoçyan “Hraparak” qəzetinə müsahibəsində bəzi faktları açıqlayıb.

O bildirib ki, Qubadlının işğalından əvvəl Melkonyanla İran rəsmiləri arasında telefon danışığı olub: “Farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacam. Həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar”.

Beləliklə, artıq İran ermənilərinin son etirazlarda niyə İran hakimiyyətinin mövqeyindən çıxış etməsi və rəsmi kursu niyə birmənalı şəkildə dəstəkləməsi ilə bağlı sualların cavabı aydındır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »